2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb.

Hadisələrin 48,9 faizi gündüz, 35 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq, 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq 335 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 46,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76 faizini, yaralananların isə 68,9 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 3 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İstinadlar Qafqazinfo