Monteneqroda koronavirus epidemiyası başa çatıb.

Bu barədə ölkə hökuməti bildirib.

“Monteneqroda COVID-19 epidemiyasının sona çatdığı elan edilir. Bu, bizim vətəndaşlarımızın və bütün sistemin uzun aylar davam edən səylərinin nəticəsidir”, – deyə Monteneqronun Nazirlər Kabinetinin “Twitter”dəki xəbərində bildirilir.

Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv ediləcək, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanacaq.

Qeyd edək ki, Monteneqorda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş 9 pasiyent ölüb.

Monteneqro hakimiyyəti martın sonunda COVID-19-un yayılması ilə əlaqədar beynəlxalq və daxili sərnişin daşımalarına qadağa qoyub.

Xatırladaq ki, dörd gün bundan əvvəl xarici mətbuatda Monteneqorda koronavirus epidemiyasının yaxın günlərdə başa çatacağı barədə xəbərlər yayılmışdı. Ölkə hökuməti nəhayət bununla bağlı məlumatları rəsmən təsdiqləyib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report