Bu obyektlərin fəaliyyəti dayandırıldı – Video
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən vətəndaş Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda yoxlama aparılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazaların fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qayınanasının taleyini yaşayan gəlin – 40-a çata bilməyən ata-oğul… – VİDEO
“Sabahın xeyir. Necəsən? Bizə komanda gəlib, gedirik. Ola bilər ki, mənə zəng çatmasın. Özünüzdən muğayat olun. Sevirəm sizi. Anama bu barədə heç nə demə ha… İmkan olsa, əlaqə yaradacağam. Olmasa, daha bax da… Narahat olmayın”.
Şəhid mayor Elxan Nəcəfinin həyat yoldaşı Əsmayəyə yazdığı sonuncu mesaj…
1986-ci ilin yazında Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdu qəhrəmanımız. Evin ilk oğul övladı kimi. Daha sonra iki qardaşı da dünyaya gəlmişdi. 6 yaşında atasını şəhid verən Elxan bir gecədə böyüyüb anasına dayaq, qardaşlarına ata olur…
Sabah isə onun özünün şəhid olmasından bir il ötür. “Qafqazinfo” olaraq “Antiterror əməliyyatı”nın ildönümü ilə əlaqədar Elxanın anası, həyat yoldaşı və qardaşı ilə görüşüb onunla bağlı xatirələrini dinlədik.
Həm şəhid xanımı, həm də şəhid anası olan Afət xanımın danışmağa o qədər sözü var ki: “1984-cü ildə Şükürlə ailə qurduq. Evlilikdən 3 oğlumuz oldu. Yaşayış vəziyyətimiz yaxşı idi. Ta ki, müharibə başlayana qədər. Ağdam rayonu 6 il müharibə şəraitində olub. 1993-cü ilin 2 iyun tarixində, müharibənin şiddətli vaxtlarında, ermənilər Yusifcanlı kəndinə hücum etdilər. Biz bilirdik ki, onlar gəlir, amma o qədər vərdiş olmuşduq ki, artıq qorxmurduq. Lakin onlar bu dəfə tanklarla gəlmişdilər. Yoldaşım Şükür Nəcəfi də kəndin müdafiəsində olanlardan idi. Yoldaşım ermənilərin iriçaplı silahdan açdıqları atəşlə vurulmuşdu, daha sonra üstündən tankla keçərək onu yandırmışdılar. Biz sonra onun yanmış cəsədini tapa bilmişdik. Həyat yoldaşım şəhid olanda 32 yaşı var idi. Üç balaca oğulla qaldım. Onda Elxan məndən xəbərsiz gedib Ağdam məscidində atasının yanmış cəsədini görmüşdü. Elə o vaxtdan uşaq ağlı ilə deyirdi ki, ermənilərdən qisas alacağam”.
Rayon işğal olunandan sonra gənc ana uşaqlarını da götürüb rayon-rayon gəzərək Bakının Hövsan qəsəbəsində məskunlaşır. “Üç oğlumla birlikdə çox əziyyətlərdən keçdik”, – deyən Afət ana bildirir ki, düz 8 il Bakı Baş Kanalizasiya İdarəsinin binasında yaşayıblar: “Elxan 8-ci sinfə çatanda hərbiyə getmək istədiyini dedi. Ona dəstək oldum. Özünün də, mənim də arzum elə hərb sahəsi idi. Sonralar gec-gec gördüyüm üçün şikayətlənirdim. O da deyirdi ki, “mama, hərbçi olmağımı sən istədin də…” Amma sonra “Yaxşı ki, məni bu şərəfli yola yönəltmisən” sözünü əlavə edirdi.
Elxan Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Artilleriya” ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurur və leytenant hərbi rütbəsi alır.
Elə həmin illərdə də gələcəkdə həyat yoldaşı olacaq Əsmayə ilə tanış olur: “Ağdam rayonunun Xıdırlı kəndində doğulub-böyümüşəm. Müharibə başlayanda biz də çıxıb gəldik. Elxanla tanışlığım isə 16 yaşımda olub. Mən təhsil alan kollecdə onun əmisi qızı da oxuyurdu. Onunla birlikdə kollecə gələndə məni görmüşdü. Sonra da xəbər göndərmişdi ki, “o qızdan xoşum gəlir”. Amma mən həmin vaxt o fikirdə deyildim. Buna görə də etiraz etmişdim. Bir müddət gəldi-getdi. Həmin illərdə o da Naxçıvanskidə oxuyurdu. Hər dəfə gələndə mənim üçün xəbər göndərirdi. Ən çox mənim “yox” deməyimə səbəb isə onun hərbçi olması idi. Atasının şəhid olduğunu da bilirdim. Qorxu var idi içimdə.
Düz 9 il sonra münasibətimiz başladı. Ailələrimiz də bildi, elçilik oldu, razılıq verildi. 2011-ci ildə ailə qurduq. Biz ailə quran vaxt o Qazaxda işləyirdi. Toydan sonra məni də özü ilə apardı. 5 il orada yaşadıq. Sonra Elxanı bir neçə aylıq Lənkərana göndərdilər, orada yaşadıq. Daha sonra isə Ağcabədiyə getdik. 3-4 il də orada işlədi”.
Beləliklə, Elxan Nəcəfi 2020-ci ildə mayor rütbəsinə yüksəlir. Həmin ilin sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücumu zamanı Elxan Nəcəfi tabor komandirinin müavini kimi döyüşə atılır. İlk döyüş yolu Cəbrayıl istiqamətində başlayır. Cəbrayılın işğaldan azad olunmasında iştirak edən Elxan Zəngilan və Qubadlının uğrunda gedən döyüşlərdə də vuruşub.
O, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”, eyni zamanda “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bir çox Fəxri Fərman və mükafatlara layiq görülüb. İndi bütün bunlar onun evinin otaqlarında divarları bəzəyir. Burada olan guşədə Elxanın fotoları və medalları yer alır. Pəncərənin önündə yerləşdirilən şüşə qapılı dolabda isə geyimləri və əşyaları yerləşdirilib.
“Elxan Vətən müharibəsinin izlərini də daşıyırdı” deyir Afət ana: “44 günlük müharibə zamanı çox ağır yaralar aldı. Ayaqları batinkanın içində yandı. Başına güllə atmışdılar, amma kaskada ilişib qalmışdı. Lakin başında da izi var idi. Bütün bunlara baxmayaraq, dayanmadı. Həmişə deyirdi ki, “mənə şəhidlik qismət olmadı”. Mən də deyirdim ki, “oğlum, biz varıq, ailən var, uşağın var”. O isə “ailə, uşaq buradadır, ora isə vətəndir”, – deyirdi. Müharibə bitsə də, o rahatlıq tapmırdı”.
Əsmayə xanım həyat yoldaşının 44 günlük müharibədən salamat qayıdacağına inanıb: “O, müharibədə çox yaralar, travmalar almışdı. Amma heç bir tibbi müayinədən keçmədi. Deyirdi ki, “əsgərlərimi qoyub hara gedim?” Həmin vaxt hiss edirdim ki, o sağ-salamat gələcək. Amma ötən il baş verən müharibədə belə olmadı. İçimdə çox böyük narahatlıq var idi”.
Həmin narahatlığı elə Afət ana da hiss edib: “Keçən ilin avqustunda məzuniyyətə çıxdı. Uşağının ad günü üçün bura gəldi. Onu yola salanda dedim ki, oğlum, özünü qoru. Tək istəyim bu oldu. O da mənə dedi ki, “qoruyacağam, narahat olma. Alnıma nə yazılıbsa, olacaq”. Axırıncı dəfə onunla sentyabrın 18-də danışmışdım. Vəziyyətin necə olduğunu soruşdum. O da “əmr gözləyirik, əmr gələn kimi gedəcəyik”, – dedi.
Həmin səhər isə Əsmayə xanıma mesaj gəlir…
“Mənə səsli mesaj göndərdi. Mən də ona cavab göndərdim, dinlədi. Sonra göndərdiyim bütün mesajlar isə cavabsız qaldı…
Onun şəhid olduğu xəbərini sosial şəbəkədə gördüm. İnanmadım, istədim səhifəyə yazım, əlim getmədi. Səsimə anamgil durub gəldilər. Qardaşım bilirdi, amma mənə deməmişdi. Mən heç vaxt onun yoxluğunu qəbul etmədim, edə bilmirəm, etməyəcəyəm də. Çünki onu həmişə yanımda, arxamda hiss edirəm. Yoxluğunu qəbul etsəm, yaşaya bilmərəm. Birini bir daha heç vaxt görə bilməmək insanı çox incidir. Hər ikimiz də atasız böyümüşdük. İstəməzdim ki, övladımız atasız böyüsün”.
Afət anaya oğlunun şəhid xəbəri verilməsə də, o artıq bunu hiss etmişdi: “Həmin gün mən özümə yer tapa bilmirdim. Səbəbini də başa düşmürdüm. Səhərdən axşama qədər özümdən asılı olmadan ancaq ağlayırdım. Elxan elə həmin vaxt, günorta saatlarında şəhid olubmuş. Mənə gecə saat 3-4 olardı ki, dedilər: “Elxan şəhid olub…”
Mən bu itkini bir dəfə də yaşamışdım. Yoldaşım şəhid olandan sonra 3 uşaqla çox əziyyət çəkmişdim. Amma indi bu tamam başqa bir hissdir. Mən indi başa düşdüm ki, yoldaş itirmək başqa olur, oğul itirmək başqa. Elxanın itkisi mənə ağır zərbə oldu. Artıq bir il oldu, amma çox çətindir. Hərdən elə bilirəm ki, çıxıb gələcək. Bəlkə də ona görə ki, ildə iki dəfə gəlirdi, gec-gec görürdüm. Deyirəm bəlkə də gələcək, gözüm yollardadır. Düz 20 il səngərdə böyüdü. Həm ailə sarıdan əziyyət çəkdi, həm də vətənin ağır günlərində döyüşdü. Qüsursuz zabit idi. Heç vaxt şəhid oğlu olması adından istifadə etməmişdi.
Uşaqlıqdan vətənpərvər idi. Döyüş yoldaşları gəlmişdi və danışırdılar ki, “Elxan başqa cür döyüşürdü. Onda intiqam hissi var idi, nifrətlə döyüşürdü”. Döyüş yoldaşı da deyir ki, sonuncu dəfə onunla danışanda dedi ki, “qələbə qazandıq, kişilər”. Elxanın 16 əsgərinin hamısı şəhid olmuşdu. Özü də 17-ci…”
Mayor Elxan Nəcəfi sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olur.
Elxan şəhid olmamışdan əvvəl övladını anasına əmanət edib: “Elxangilin övladı bir az gec oldu. Özü istədi ki, övladına atasının adını versin. O, şəhid olmaq istədiyini deyəndə bildirirdim ki, “bala, uşağın balacadır”. Deyirdi ki, “olsun da, sən varsan. Sən ona da baxarsan”. Elə də etdi, balasını mənim öhdəmə buraxıb getdi.
Həmişə Elxanla söhbət zamanı deyirdim ki, “Şükür də hərbçi olar, onu da bu yola yönəldəcəyəm”. Elxan da deyirdi ki, “yox, ana. Bu çox ağır, əziyyətli yoldur”. Amma sonra da deyirdi ki, özü hara istəsə, ora da gedər. Şükür də lap elə balacalıqdan hərbiyə meyllidir. Həmişə atası gələndə onun batinkalarını geyər, papağını taxaraq evdə gəzərdi. Atasının da xoşu gəlirdi. Özündən də indi soruşanda ki, “nə olmaq istəyirsən?”, deyir “hərbçi!”
Atasını yaxşı xatırlayır. Şükür deyir ki, “atam mənim həm ürəyimdə, həm bayraqda, həm də cənnətdədir. Mənim atamdan gözəl ətir iyi gəlir. Ona görə ki, o cənnətdədir. Cənnətdən də gözəl ətir iyi gəlir”. Axşamlar atası ilə görüntülü danışırdı. İndi də danışmaq istəyir. Görür ki, alınmır əsəbiləşir, deyir daha istəmirəm. Amma atasının dəfn olunduğu İkinci Fəxri Xiyaban üçün də qəhrəmanlar deyir. Anasına deyir ki, gedək qəhrəmanlara”.
Qardaşı Nizami Nəcəfinin sözlərinə görə, onlar Elxanı sadəcə böyük qardaş kimi yox, eyni zamanda ata kimi görüblər: “Uşaqlıqdan bəri bizə məsləhət verən, yol göstərən olub. Hər dəfə gələndə dönə-dönə tapşırırdı ki, özümüzü qoruyaq. Hər cəhətdən bizə dəstək olurdu.
Axırıncı dəfə gələndə də dedi ki, “Mən vətəni qoruyub şəhid olanda heç vaxt ağlamayın, belinizi bükməyin. Başınızı dik tutun”. Düzdür, ürəyimiz ağrıyır, darıxırıq, kövrəlirik, amma həm də onunla qürur duyuruq. Döyüş yoldaşları onu zəhmli biri kimi tanıyırdılar. Amma evdə elə olmurdu. O evə gələndə bütün əsəbini, qəzəbini çöldə qoyurdu. Deyib-gülməyi sevirdi. Olduqca sadə insan idi. Məhəllədə də hamı onun xətrini çox istəyirdi”.
“İllərlə o hara getsə, mən də onunla gedirdim”, – deyir Əsmayə xanım. Həyat yoldaşı ilə bağlı xatirələri bölüşərkən həm kövrəlir, həm də fərəhlənir: “Övladımız gec oldu. Düz 8 il sonra. Həmişə yanımda oldu, mənə dəstək çıxdı. Təəssüf ki, övladımızı çox görə bilmədi. Onun gələcəyi ilə bağlı çox arzuları var idi. Çalışıram ki, onun arzularını həyata keçirim. İstəyirdi, oğlumuz yaxşı oxusun, təhsili olsun. O, hərbçi idi. Öz qayda-qanunları var idi, qorxusuz idi. Ən azından nədənsə qorxduğunu bizə hiss etdirmirdi.
Övladımızın olacağını biləndə elə ilk ona xəbər verdim. O da çox sevinmişdi və sevincini iş yoldaşları ilə bölüşmüşdü. Bu, bizim üçün çox böyük xoşbəxtlik idi. Biz o illər ərzində çox mehriban olmuşuq, aramızda soyuqluq olmayıb. Amma uşaq olan ev tamam başqa olur. Övladımın 2 yaşı olanda bu evə köçdük. Həmin vaxt o Qubadlıda xidmət edirdi. Oradakı şərait uyğun olmadığı üçün bizi özü ilə aparmadı. Deyirdi ki, rahat yerə gedən kimi sizi də aparacağam. Çox gözəl ata və həyat yoldaşı idi. Çox zarafatcıl, deyib-gülən insan idi. Mənim rahatlığım üçün, çalışırdı hər şey yerində olsun. Hər işi də bacarırdı. Pensiyaya çıxacaqdı, deyirdi ki, “daha az qalıb, həmişəlik sizinlə olacağam”. Çoxlu arzuları, planları, xəyalları var idi. Ancaq bütün bunlar xəyal olaraq qaldı.
Nə yaxşı ki, Şükür dünyaya gəldi, indi mən ona bağlanıram. Məni ayaqda saxlayır. Ona görə çalışıram çox ağlamayım. Ağlayan kimi gözümün içinə baxır.
Bu bir il ərzində cəmi bircə dəfə Elxanı yuxuda görmüşəm. Bircə kəlmə dedi ki, “Məni bağışla”.
İndi Elxanın anası və həyat yoldaşı onun şəhid olduğu yerə birgə gedir və ora çiçəklər əkirlər: “Avqustun 11-də Elxanın şəhid olduğu yerə getdim. Ora ancaq dağlardır. Elə yerlərdir ki, orada heç quş uçmur. Qəribə bir sükut var idi. Onun ayağı dəyən yerləri, səngərləri, postları gəzdim. Qayalıq, dərənin dibi… Hər addımı atanda “can bala, siz buralara necə gəlib çıxmısınız, necə döyüşmüsüz?!”, – deyirdim. Düz 23 saat döyüşüblər, ac-susuz. Orada Elxanın cibindən tökülən dərmanlar var idi. Torpaq qarışıq onu da götürüb gətirdik. O dərmanlardan yaralı yoldaşlarına kömək zamanı istifadə etmişdi. Oğlumun şəhid olduğu kolun dibinə çiçəklər də əkdim. Onun döyüşüb aldığı post var idi. Özü çıxa bilməmişdi. Mən gedib çıxdım həmin posta…
Sentyabrın əvvəlində 30 şəhid anası “YAŞAT” fondunun dəvəti ilə Türkiyənin Ankara şəhərinə səfər etdik, 5 günlük səfər zamanı orada bir çox məkanlara aparıldıq. Dövlət qurumları ilə görüşlərimiz oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdük. Hamımızın bir-bir əlini sıxdı, bizi dinlədi. Xoş təəssüratla qayıtdıq, bizi hörmətlə qarşılayıb yola saldılar”.
“Biz Elxanın anası ilə artıq sadəcə gəlin-qayınana deyilik, həm də dərd ortağıyıq” – deyir Əsmayə xanım.
“Afət ana çox ağır şeylər yaşayıb. Mənim indi bir övladım var. Amma onun 3 övladı olub. Tək uşaq böyütmək və belə bir dərdi çəkmək olduqca ağırdır. Mən indi onu çox yaxşı başa düşürəm. Amma onun dərdi yenə də çox böyükdür. Həm yoldaşını, həm də oğlunu itirib”.
İndi Elxanın ailəsi onun adını daşıyan küçədə yaşayır. Binanın girişinə sancılmış üçrəngli bayraq və fotosu olan guşə bura gələnlərə evlərini nişan verir.
Lamiyə Məmmədova
Foto-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu – Video+
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.
Hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.
Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna belə cavab verildi: “2005-ci il təvəllüdlü şəxs 17.09.2024-cü il tarixdə saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub”.
Daha ətraflı videomaterialda:
“AzərEnerji” Kəlbəcərdə praktik təlim kursu keçirdi – Video
“Azərenerji” ASC “yaşıl energetika” üzrə növbəti praktik təlim-kursu keçirib.
Çətin relyefə malik olan Kəlbəcər rayonunu qar, çovğun, təhlükə bilmədən işıqlandırmağa səfərbər olan energetiklərimiz bu kurslar vasitəsilə indi daha dərin təkmilləşməyə nail olurlar.
Bu günlərdə “Yaşıl enerji” MMC-nin Kəlbəcərdə yerləşən “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Meydan”, “Kəlbəcər-1”, “Qamışlı” kiçik su elektrik stansiyaları üzrə çalışan 35 nəfər mütəxəssisdən 26-sı sertifikatla təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “AzərEnerji” tərəfindən 45-ə yaxın su elektrik stansiyası və yarımstansiyaları tikilib istifadəyə verilib ki, burada da əksəriyyəti yerli sakinlərdən ibarət işçi qüvvəsidir.
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu – Video
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.
Hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyyəsindən xəncər zərbəsi alıb.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.
Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Daha ətraflı videomaterialda:
Bakı bu gün dayanmışdı… – Video
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı səhərində ağır tıxac olub.
Ən böyük tıxac isə Xətai rayonu, 8 Noyabr prospektində müşahidə olunub.
Uzun tıxac məktəbə və işə gedənlərin işini çətinləşdirib.
Hərəkət olmadığından bəzi avtobus sürücüləri və sərnişinlər nəqliyyat vasitələrini tərk ediblər.
Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, tıxacın aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Mövzu ilə bağlı telekanalın videomaterialını təqdim edirik:
“Doğma sahillər”də SEFF-in ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq – Video
CBC telekanalının istehsalı olan “Doğma sahillər” sənədli filmi Smaraqdni Ekoloji Film Festivalının (SEFF) ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq.
Bu telekanaldan məlumat verilib.
Bildirilib ki, unikal film festivalı artıq 17 ildir keçirilir. Dünya ekofəallarını bir araya gətirən tədbirdə nümayiş olunan filmlər ekoloji maarifləndirməni artırmaq və ekovandalizmin qarşısını almaq məqsədi daşıyır.
Festival sentyabrın 25-29-da Xorvatiyanın Duqa-Resa şəhərində keçiriləcək. Sənədli filmin bu qədər maraq doğuracağı və Smaraqdni Ekoloji Film Festivalında nümayiş ediləcəyi CBC telekanalı üçün də gözlənilməz olub.
“Doğma sahillər” sənədli filmi vaxtilə Yaxın Şərqin ən böyük gölü olan, İranın etnik azərbaycanlıların yaşadığı vilayətində yerləşən Urmiya gölünün quruması ilə yaranan ekoloji fəlakətə həsr edilib. Film Urmiya gölünün qurumasının ekosistemə, yerli əhalinin sağlamlığına və bölgənin mədəniyyətinə dağıdıcı təsirlərindən bəhs edir. Su səthinin 95 faizini itirmiş Urmiya gölünün quruma problemi təkcə bu bölgə üçün deyil, bütün dünya üçün vacib ekoloji və sosial məsələdir.
Sənədli filmi buradan izləyə bilərsiniz:
HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir – VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlılarının bir qrup şəxsi heyəti ilə “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir.
Bu barədə “Report” a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, kursun planına uyğun olaraq, dəniz fazası üzrə dib minalarının, şərti terror qrupları tərəfindən quraşdırılan bütün növ partlayıcı döyüş sursatlarının və kustar üsulla hazırlanan partlayıcı qurğuların aşkarlanması, təhlükəsizlik qaydaları nəzərə alınmaqla onların səthə çıxarılaraq partlatma və yandırma üsulu ilə məhv edilməsi üzrə tapşırıqlar icra olunur.
Kursun keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərini və dövrün tələblərinə uyğun yeni mühəndis avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarını təkmilləşdirməkdir.
Bağlı qapı arxasında qalan 5 nəfər xilas edildi – Video
Paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə dörd ünvanda vətəndaşlar mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib.
Xankəndiyə ilk tələbə köçü – Video
Xankəndi Qarabağ Universitetinin ilk tələbələrini qarşılayıb.
Tələbələr bir neçə gün əlavə vaxtlarının olmasından istifadə edərək Xankəndi şəhəri və ətraf ərazilərlə tanış olublar.
Onu da deyək ki, tələbələr öz yaşadıqları bölgələrdən gələrkən onları 2 nəfər ailə üzvü müşayiət edə bilər.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
Emin Əmrullayevin Bilik Günü münasibətilə təbrik – Videosu
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə müəlim, şagird və təhsil işçilərini təbrik edib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, nazir öz təbrikində bildirib ki, bu gün ilk dəfə olaraq Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdikdən sonra Bilik Günü qeyd edilir: “İnanıram ki, bu tədris ili hər birimiz üçün uğurlu olacaq. Bütün müəllim və şagirdlərimizə uğur arzulayıram”.
Həmin təbrik videosunu təqdim edirik:
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.
“Report” icmalı təqdim edir:
Abşeronda çörəkbişirmə sexində yanğın – Video
FHN-in “112” qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kv.m. sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Həm dənizdə, həm quruda… – Video
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyəti “Formula 1” ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Dəniz vağzalı ərazisində yerləşən körpüdə yarış maşınlarının benzin anbarlarının həm dənizdən, həm də qurudan mühafizəsi tam təmin olunub.
Su polisinin patrul xidməti kateri ikinövbəli şəkildə dənizdə xidmət göstərir.
Fotoqraf Xəyal Vəlizadə katerlə Su polisinin fəaliyyətini izləyib.
Həmin reportajı təqdim edirik:
Bakıda mənzildə köməksiz qalan uşaqlar belə xilas edildi – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə onaltımərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar – 2018-ci il təvəllüdlü Y.Axundzadəni və 2021 ci il təvəllüdlü A.Axundzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.
“Kraz yolu”nda qanunsuz tikili söküldü – Video
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun “Kraz yolu” adlanan ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında Agentlik tərəfindən Şəmkir RİH nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Gəncənin su və kanalizasiya sistemi yenidən qurulur – Video
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası davam edir.
Bu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir.
Su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.
Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev açıqlamasında qeyd edib ki, şəhərdə 2024-cü il ərzində 12.000 metr içməli su, 10.000 metr kanalizasiya xətti çəkilib:
“Həmçinin 1500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 faiz su xətti, 44 faiz kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71.500 abonentinin 40.000-i dayanıqlı içməli su ilə təmin olunur”.
Gəncə şəhərinin su təchizatı 3 mənbədən – Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.
Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəz olunub.
Sukanal İdarəsinin rəisi onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov küçəsindəki diametri 300 millimetrlik polad borudan ibarət magistral su xəttində qəza olub, dərhal təmir işləri başlanılıb, problem qısa müddətdə aradan qaldırılıb, suyun verilməsi bərpa edilib.
Həmçinin baxın
Qayınanasının taleyini yaşayan gəlin – 40-a çata bilməyən ata-oğul… – VİDEO
“Doğma sahillər”də SEFF-in ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq – Video
HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir – VİDEO
“Haber Global”: Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir – VİDEO
Türkiyədə itkin düşən azərbaycanlı uşaq ağacda yatmış halda tapıldı – Video
“Əgər işlər görülməsəydi, ölkədə 60 faiz enerji istehsalı dayana bilərdi” – VİDEO
Sumqayıtda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla