“Prezident Putin 17 noyabr tarixli müsahibəsində bu mövzuda çox ətraflı fikir söyləyib. Türkiyə bu regionda real amildir”.

Bunu Prezident İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxışı zamanı deyib.

“Türkiyə bir çox istiqamətlərdə bizim tərəfdaşımızdır və əlbəttə, suveren Ermənistan özünün xarici siyasət tərəfdaşlarını seçdiyi kimi, suveren Azərbaycan da özünün xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir. Buna görə də siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın.

Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın.

Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar”, – deyə rusiyalı nazir əlavə edib.