Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edib.

“Qafqazinfo” XİN rəhbərinin çıxışını təqdim edir:

“Bu il Azərbaycanın ATƏT-də iştirakının 30-cu ildönümü qeyd olunur və bu, birinci rübdə ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) sədrliyimizə təsadüf edib. 30 il ərzində olduğu kimi, TƏF-də sədrliyimiz zamanı da Azərbaycan Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə sadiqliyin təhlükəsizlik və sabitliyin, eləcə də ATƏT çərçivəsində əməkdaşlığın əsası olaraq qalacağına güclü inamı rəhbər tutub.

Konsensus əsasında qərarların qəbulu prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əksini tapıb. Azərbaycan illər boyu təşkilat daxilində konsensusdan sui-istifadədən əziyyət çəkib. Buna baxmayaraq, biz həmişə ATƏT və onun münaqişə silsiləsi ilə bağlı alətlərini əsas götürərək təhlükəsizlik sahəsində əməkdaşlığın hərfinə və ruhuna ciddi riayət olunmasını müdafiə etmişik. Bu xüsusda, konsensus olmadan “ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır. Sədrlik və Katiblik də daxil olmaqla, ATƏT-in bütün təsisatları bütün iştirakçı dövlətlər üçün ortaq dəyər olaraq yaradılmışdır. Buna uyğun hərəkət etməmək inamı sarsıdır. Azərbaycan bu institutları mandatın kobud şəkildə pozulmasına düzəliş etməyə çağırır.

Hörmətli həmkarlar,

Azərbaycan Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə bu gün onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şəraitin yaradılması, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu yaxınlarda ailələrin birinci qrupu qayıdıb.

Həmçinin Azərbaycan post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Bu xüsusda, Azərbaycan Konstitusiyası möhkəm hüquqi çərçivəni təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir.

İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalarla çirkləndirilməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir. Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub.

Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Mina hadisələrinin təxminən 55%-i Ermənistanın minalanmış sahəyə dair məlumatların təqdim edilmədiyi ərazilərdə baş verib.

Bunun əksinə, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkar edilib. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə keçirilmişdir. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan kobud sui-istifadədir.

Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib. Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında sülh təklif edib. Son iki il ərzində mənim ölkəm sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir.

Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Mən Ermənistanın xarici işlər naziri ilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün 3 dəfə görüşmüşəm. 7 noyabr 2022-ci ildə Vaşinqtonda keçirilən son görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Bu xüsusda, Azərbaycan artıq Ermənistana saziş layihəsi ilə bağlı şərhlərini təqdim edib.

Azərbaycanın yanaşması aydındır, ardıcıldır və beynəlxalq hüquqa əsaslanır. Təxminən 30 ilə yaxın heç bir rəsmi münasibətlərin olmamasından sonra tərəflər üçün dövlətlərarası münasibətlərin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmaq təcili zərurət təşkil edir. Bu sənəd onların iki bərabər suveren dövlət kimi hüquqlarına zəmanət verməli və dövlətlərarası münasibətlər sferasına daxil olan ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaratmalıdır.

İkitərəfli danışıqlarda dinamikanın artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi 3 əsas istiqamətində irəliləyiş kifayət qədər məhdud olaraq qalır.

Hər üç istiqamətdə Ermənistan prosesə səmimi şəkildə qoşulmaqdansa, keçmiş imitasiya praktikasına sadiq qalır. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.

Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində, Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir”.

İstinadlar Qafqazinfo