“Ağıl yaşda deyil, başdadır” ifadəsi təcrübədə özünü ən çox doğruldan aforizmlərdəndir. Hazırda dünyada dövlətçilik təcrübələrinin mahiyyəti və məzmunu ilə deyil, daha çox yaşı ilə öyünüb bizim kimi müstəqillik dönəmi az olan dövlətlərə özünün bilmədiklərindən belə dərs keçməyə uğursuz cəhdlər göstərən dövlətlərdən birincisi Makron Fransasıdır. Bunun da əsas səbəbi “baş” məsələsidir. Bu dəfə həm dövlətin “baş”ı, həm də dövlətin “baş”ının başı və ya türkcə desək “kafa”sı.

Emmanuel Makronun 2017-ci ildə hakimiyyətə gəlməsi ilə paralel ölkə daxilində “sarı jiletlilər” və 170 km məsafədə yerləşən Korsikadan başlayaraq, 17000 km uzaqlıqda yerləşən Yeni Kaledoniyaya qədər bütün müstəmləkələrində insanlar küçələrə axışıb etiraz etməkdədirlər. Yeddiillik hakimiyyəti dövründəki həm daxili, həm də xarici siyasətində əldə etdiyi bütün uğurusuzluqları Cənubi Qafqazda qurduğu məkrli oyunlarla təlafi etməyə çalışır. Əslində isə Makron Napoleonluq iddiasına düşüb. Fransanın ənənəvi, xüsusilə də keçən əsrdə davam edən siyasətindən imtina etməyə cəhdlər göstərir. Rusiya ilə müttəfiqlik edib həm Birinci, həm də İkinci Dünya müharibələrində məğlubiyyətə uğrasa belə, sonda qalib və qənimətləri bölüşdürən tərəflərin yanında peyda olmaq siyasətinə qarşı çıxaraq Hitlerin fransız versiyası olan Napoleonun çəkmələrini geyinmək xülyasına düşüb.

Ukraynanı silahlandırmaqla kifayətlənməyib, Rusiyaya müharibə elan etmək və NATO qüvvələrinin Rusiya Ukrayna müharibəsinə daxil olması zərurətini dilə gətirməklə Üçüncü Dünya müharibəsini de-faktodan de-yureyə keçirməyə cəhd edir. Kim bilir, bəlkə də bu Fransanın görüntü olaraq anti-Rusiya mövqeyi nümayiş etdirib, tarixdə olduğu kimi Rusiya ilə gizlin müqavilə bağlayıb, bu yolla Avropadakı əsas rəqibi Almaniyanı yeni çıxılmaz oyuna salmağa növbəti cəhdidir. Hər bir halda uğursuz olsa belə Makron Fransasının hazırda təhlükəli bir oyun oynadığı faktdır. Guya Ukraynaya sevgisi və Rusiyaya nifrəti o qədər böyükdür ki, Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə də açmaq istəyir. Ona görə də ərazi bütövlüyü uğrunda amansız mübarizə aparan Ukraynaya göndərdiyi silahlarının bir hissəsini bizim qanuni torpaqlarımıza ərazi iddialarını reallaşdırmaq üçün revanşist müharibəyə hazırlaşan Ermənistana yönləndirir.

Tarixdən səthi belə məlumatları olanlar da bilir ki, Fransanın Avropa regionuna münasibətdə İngiltərə və ABŞ ilə maraqlarının uzlaşdığı ilk mövzulardan biri siyasi, iqtisadi, hərbi və coğrafi Almaniya dövlətinin yaranmasının qarşısını almaq olub. Hətta Rusiya ilə belə bu məsələdə mövqeləri üst-üstə düşən bu güclərin antialman siyasəti nəticəsində Avropanın əksər kiçik dövlətlərinin yarandığını da bilirik.

Bəs bunun hazırda Azərbaycanla və bizim mövzumuzla hansı əlaqəsi var sualının cavabı isə həmin oyunun bir hissəsinin hazırda Cənubi Qafqaz üzərindən qurulmasındadır. Digər maraqları ilə yanaşı, yetmiş ildən artıqdır ki, inkişaf edən alman iqtisadiyyatına növbəti yüzillik zərbəni vurmaq üçün Ukraynanı belə qurban verənlər Almaniyanı Rusiyanın enerji resurslarından məhrum etdilər. Bunu anlasa belə Almaniya dar çərçivədə maraqlara xidmət edən təşkilatlanmış Aavropanın ümumi maraqlarına qarşı çıxa bilmir. Çünki iki dünya müharibəsindən ciddi nəticə çıxaranlar hörümçək toru kimi təşkilatlandırdıqları Avropanın müstəqil dövlətlərini beynəlxalq məsələlərdə müstəqil qərar vermək hüququndan məhrum ediblər. Ona görədir ki, bir neçə dövlət birləşərək 46 dövlətin yer aldığı və 306 deputatın səsvermə hüququnun olduğu AŞPA-da cəmi 76 səslə (1/4-dən də az) Azərbaycana qarşı qərar qəbul etməyə nail oldular.

İndi də təşəbbüsü öz üzərinə götürən Makron Fransası ikiillik Rusiya-Ukrayna müharibəsindən iqtisadiyyatına ciddi zərər dəyən və bu zərəri Azərbaycan və Türkiyə vasitəsilə alacağı enerji resursları ilə təlafi etmək niyyətində olan Almaniyanı bizimlə hər vəchlə düşmənçiliyə çəkirlər. Hətta indi deyil, həm də bu məqsədlə Avropa Siyasi Birliyinin 6 oktyabr 2022-ci ildən təşkil etdikləri zirvə toplantılarında bu prosesə start verdilər. Praqadan Kişineuya, oradan da Qranadaya daşınan bu məkrli planı Prezident İlham Əliyev haqlı olaraq İspaniyaya getməməklə pozmuş oldu. Ancaq çox müdrik şəxsiyyət, uzaqgörən diplomat və zahirən olduğu kimi bacarıqlarına görə də Makrondan ən az bir baş üstünlüyə sahib siyasi qrosmeyster İlham Əliyev Makronun bu təhlükəli planının pozulmasının əsasını hələ 2020-ci ili noyabrında müharibə günlərində qoymuşdu. Almaniyanın ARD kanalının jurnalistinin təxribatçı sualına cənab Əliyev dolayı yolla da olsa, çox böyük ustalıqla Elzas və Lotaringiya kimi tarixi alman torpağının hələ də Fransanın nəzarətində olmasını yada salmaqla cavab verdi.

Prezident İlham Əliyevin növbəti uğurlu və Makronun fransız oyununa almanca ölümcül zərbəsi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanın Prezidenti kimi Münhenə gedərək orada dünya liderlərinin ona beyətini təsdiqləyən görüşləri keçirməklə oldu. Bununla yanaşı nəticələrindən asılı olmayaraq, Makron Fransası olmadan Ermənistanla ikitərəfli görüşlərin məhz alman platformasında keçirilməsinə nail olmaqla Prezident İlham Əliyevin onu və dövlətini Avropadan təcrid etmək istəyən Makrona tərs şilləsi oldu.

Xəyal Bəşirov, 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri

İstinadlar Qafqazinfo