
“Bir neçə il əvvəl ilk dəfə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bizə ali rəhbərlik tərəfindən tapşırıq veriləndə tibb müəssisələrində ən geridəqalan sahə elektronlaşma idi. Bu, icbari tibbi sığortanın tətbiqində çətinlik yaradırdı”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ABŞ-nin “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə Yeni Klinikanın “HIMSS”in önəmli yetkinlik modulu hesab olunan “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğunun təsdiqlənməsi ilə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu baxımdan informasiyaların vaxtında çatdırılması vacib idi: “Çünki elə dövrdə yaşayırıq ki, bütün sahələrdə elektronlaşma gedir. Son 10-15 ildə tibb müəssisələrinin qurulmasına investisiya qoyulub, amma elektronlaşma baxımından geridə qalırdı. Son 3-4 ildə xüsusən TƏBİB tabeli tibb müəssisələrində elektronlaşma olub. Məndə olan məlumata görə, 1 ay ərzində 1 milyondan çox pasiyent müraciət edib. Vətəndaşlara 3 milyondan çox xidmət göstərilib. 5 milyondan çox transaksiya həyata keçirilib”.
Tədbirdə, həmçinin bildirilib ki, 2 ilə yaxındır ki, HİMSS ilə əməkdaşlıq edilir. Postsovet məkanında Rusiya və Baltikyanı ölkələr istisna olmaqla bu, ilk dəfə Yeni Klinikada həyata keçirilir.
Gülnar Əliyeva