“Azərbaycan mətbuatı 149 yaşını qeyd edir. 149 illik yol mətbuatımızın keçdiyi çətin və şərəfli yola bələdçilik edir. Hədəflər, vəzifələr təkmilləşsə də dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan mətbuatın prinsipləridir. Obyektivlik, qərəzsizlik və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən bu dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib. Artıq dörd ilə yaxındır ki, bayramlarımızı, əlamətdar günləri Zəfər sevincinin fonunda qeyd edirik. Zəfər müjdəçisi olmağı ilə qürur duyan mətbuatımız bu gün 149 yaşını ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda bütün ölkə ərazisində qeyd edir”.

Bu fikirləri VI çağırış Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu əsasında ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan və arxada qalan  149 illik yolu uğurla qət edən mətbuatımızın inkişafından bəhs edərkən müstəqillik mərhələsi, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir

“Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə tədbirlər həyata keçirildi. Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi oldu. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi”.

M.Həsənov vurğulayıb ki, tarixi Zəfərimizdən sonra Şuşa Qlobal Media Forumu ənənəsinin yaradılması da mətbuatın cəmiyyətdə roluna verilən dəyərin, onlara diqqət və qayğının göstəricisidir.

O bildirib ki, İlham Əliyevin vurğuladığı kimi, dezinformasiyalar  çox zərərvericidir:

“Bu, təkcə ölkənin nüfuzunu xələl gətirmir. Eyni zamanda, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır.

Malik Həsənov belə ümumiləşdirməni aparıb ki, bütün hallarda Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir. Azərbaycanın müstəqil xarici siyasəti, özünü təmin edən iqtisadiyyatı, tərəfdaşları ilə əməkdaşlığı hədəflərə addım-addım irəliləməsinə, yeni körpülər qurmasına stimuldur”.

İstinadlar Qafqazinfo