Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.

Hospitalın Mətbuat Xidmətinin rəhbəri Dilarə Zamanova açıqlamasında bildirib ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdiriləndən sonra onun səs yazısı olmayıb.

“Sözügedən səsyazısının, həqiqətən də, Bəhram Bağırzadəyə məxsus olmasını ailəsindən soruşmaq lazımdır. Bəhram Bağırzadə iyunun 13-də digər hospitaldan bizim hospitala köçürülüb. Həmin vəziyyətdə də yatır. Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına köçürüləndən sonra heç bir səs yazısı olmayıb. Çünki o, reanimasiya şöbəsində aparatlara qoşulub və danışmayıb. Ümumiyyətlə, həmin səsin Bəhram Bağırzadəyə aid olmasını isə ailəsi bilər, çünki o səs, bəlkə də, Bəhram bəyin səsi deyil. Həmin səs ya əvvəllər yazılıb, ya da heç onun səsi deyil”, – D.Zamanova bildirib.

Media Bəhram Bağırzadənin yaxın dostu və “Planet Parni iz Baku” teatrının rəhbəri Tahir İmanovdan onun vəziyyətini şərh etməsini istəyib.

“Bu, həqiqətən Bəhramın səsidir. Ancaq, görünür ki, o cihazı bağlamadan əvvəl bu mesajı sevdiyi insana göndərib. Biz unuduruq ki, Bəhram komik janrın sənətkardır. Təhlükəli və narahat halında belə zarafat edir və bununla da təhlükənin əhəmiyyətini azaltmağa çalışır.

Bu səsyazmanı ictimaiyyətə təqdim edən adam əxlaqsız və rəzildir. B. Bağırzadə heç vaxt yaxınlarına, dostlarına və qohumlarına narahatlıq gətirmək istəməyən bir insandır. İlk növbədə o anasının sakitliyinə qayğı göstərib və onu incitmək istəməyib. Bəhramın bir neçə gündür ağır vəziyyətdə olduğunu bilə-bilə bunu necə etmək olar? Axı, Bəhram səsi yazan şəxsi dostu adlandırıb Bu qədər aşağı düşdük?”, – deyə Tahir İmanov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

 

 

İstinadlar virtualaz