Bu gün məhv edilən düşmən hərbi texnikalarının videogörüntüləri

Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayıb.
Azərbaycan 24 həmin görüntüləri təqdim edir.
Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayıb.
Azərbaycan 24 həmin görüntüləri təqdim edir.
Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.
Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır:
“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir.
Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.
Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzində mağazanın önündən gödəkçənin oğurlanmasına dair görüntülər yayılıb.
Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.
Qeyd edək ki, mağaza sahibinin sözlərinə görə, oğurlanan geyimin 135 manat dəyəri var imiş.
Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.
M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.
Sözügedən görüntüləri təqdim edirik:
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.
İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkir rayonlarında köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz edir.
Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0,4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.
Şəmkirin Çinarlı qəsəbəsində 0,4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli böyrək çatışmazlığından vəfat edib.
Səlbi dünən Bakıda dəfn edilib.
Dəfn mərasimində çoxsaylı ictimaiyyət nümayəndələri, icra başçıları, incəsənət və mədəniyyət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.
Qeyd edək ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.
Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.
Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.
Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.
Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.
Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.
Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.
Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.
Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.
Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.
Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.
“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.
Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.
“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.
Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.
Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.
Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.
Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Bu FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.
Bağla