İngilis rəssamı Frensis Bekonun “Triptix, 1986-1987” adlı tablosu 35-55 milyon funt-sterlinq (47-75 milyon dollar) civarında hərraca çıxarılıb. Satış martın 1-də həyata keçiriləcək.

Bu barədə “Christie’s” hərrac evi məlumat yayıb.

“Frensis Bekonun son böyük sənət nailiyyətlərindən biri kimi qəbul edilən bu əsər zamanın təbiəti və insanın tənhalığı haqqında düşüncələrin nəticəsidir”, – deyə hərrac evindən bildirilib.

Belə ki, triptixin sol panelindəki kostyumlu kişi təsviri ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə “Versal” müqaviləsinin imzalanmasından sonra qəzetdən götürülmüş fotoşəkilinə əsaslanır.

Sağ paneldəki təsvir Leon Trotskinin 1940-cı ildə öldürüldükdən sonra onun ofisinin fotoşəkilindən yaradılıb. Mərkəzi paneldəki adamın üzü isə rəssamın yaxın dostu Con Edvardsı xatırladır.

Qeyd edək ki, Frensis Bekon (1909-1992) fiqurativ (obrazlı) sənət ustasıdır. Onun əsərlərində əsas mövzu refraktorlu insan bədənidir. Rəssamın ekstravaqant, bəzən şokedici tabloları kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə rəssamın “Avtoportret üçün iki eskiz” (1977) triptixi Londonda 22,4 milyon dollara satılıb.