Son aylar Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Yaxın Şərq ölkələrindən terrorçu və digər kriminal elementlər yerləşdirməsi ölkəmizdə ciddi narahatlıqla qarşılanır. Bəs Ermənistanın Qarabağa terrorçular yerləşdirməsinin qarşısını almaq üçün beynəlxalq səviyyədə hansı işlər aparılır və aparılmalıdır? Azərbaycan 24 bu sualla Milli Məclisin üzvü Könül Nurullayevaya müraciət edib.

Könül xanım bildirir ki, Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi Ermənistanın münaqişənin sülh yolu ilə həllinə maneə yaradan destruktiv siyasətin tərkib hissəsidir. Qondarma Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq zamanı Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Erməni mətbuatında da qeyri-qanuni məskunlaşmaya dair faktlar əksini tapıb. Məlumdur ki, Suriyada böhran başladıqdan bir müddət sonra da 15 min suriyalı erməni Ermənistanda sığınacaq üçün müraciət edib, onların bir hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilib. Faktiki Suriya ermənilərindən sonra Livanda yaşayan ermənilər də Dağlıq Qarabağa köçürülməkdədir. Ümumiyyətlə, 90-cı illərdə münaqişəsinin aktiv fazasında Ermənistan Livan, Fransa, ABŞ vətəndaşı olan erməni terrorçularından muzdlu kimi istifadə edib. İndi də Ermənistan Livan və Suriyadan gətirilən erməni mənşəli şəxsləri muzdlu kimi Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil edir. Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonun da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilməsi barədə Türkiyə mətbuatı məlumat yayıb. Bir sözlə, Ermənistanın bu qanunsuz fəaliyyəti faktlarla sübut olunub.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının Yüksək səviyyəli İclasında çıxışı zamanı da dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəldərək bəyan etdi ki, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Bunun dünyanın ən ali qurumunun tribunasından bəyan olunması Ermənistanın işğal siyasətinin növbəti ifşası idi. Eyni zamanda Milli Məclisin üzvləri də keçirilən görüşlərdə digər ölkələrin rəsmilərini Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı məlumatlandırır. Paralel olaraq, dünya mətbuatında da bu məsələ ilə bağlı çoxsaylı məqalələr yayılmaqdadır və bu proses fasiləsiz davam etdirilməlidir. Bütün bunlar Ermənistanın işğalçı mahiyyətini ifşa etmək üçün əlverişli vasitədir. Qeyri-qanuni məskunlaşma siyasəti Azərbaycanla yanaşı bütün dünya ictimaiyyətini narahat etməlidir. Çünki Ermənistanın bu əməlləri Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi olmaqla yanaşı beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüququn pozulmasına qarşı isə dünya birliyi ən sərt formada reaksiya verməli, bu çirkin əməllərindən çəkinməsi üçün işğalçıya təzyiq göstərilməlidir.