İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən növbəti ictimai müzakirələrdə Azərbaycan Neyrocərrahlar Assosiasiyası və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri, TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin neyrocərrahları, oftalmoloqları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri iştirak ediblər.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənməkdir:
“Neyrocərrahiyyə və oftalmologiya – tibbin ən önəmli sahələrindəndir. Bu xidmətlərin vətəndaşlar üçün əlçatan olması insanlar üçün həyati əhəmiyyət kəsb edir. Bu sahənin mütəxəssisləri olaraq təklif edilən dəyişikliklərlə bağlı sizin fikirlərinizi öyrənmək bizim üçün vacibdir. Məqsədimiz bu xidmətləri vətəndaşlarımız üçün daha əlçatan etməkdir”.
Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də bu xidmətlərə tələbat yüksəkdir:
“Yeni Xidmətlər Zərfində xidmətlərin adlarının 70%-də dəyişiklik edilib. Tibbi xidmətlərin adı daha dolğun və izahlı yazılıb. Məqsəd ondan ibarətdir ki, Xidmətlər Zərfindəki xidmətlər istifadəçilər tərəfindən aydın başa düşülsün. Yeni Xidmətlər Zərfinə mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə bağlı 21 yeni xidmət əlavə olunub. Bundan başqa 31 yeni oftalmoloji xidmətin əlavə olunması təklif olunur. Bu müzakirələrin təşkilində məqsəd yeni Xidmətlər Zərfinin formalaşmasında şəffaflığı təmin etmək və maliyyə imkanlarımız daxilində daha çox xidməti vətəndaşlarımız üçün əlçatan etmək məqsədilə mütəxəssislərin rəy və təkliflərini eşitməkdir”.
Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib:
“Əlavə olunması nəzərdə tutulan yeni xidmətlər açıq və qapalı kəllə-beyin travmaları, beyin qanamaları, kəllə sümüyünün iltihabı prosesi, hidrosefaliya (beyin mədəciklərində mayenin normadan artıq yığılması), baş beyinin ocaqlı patologiyaları, beyin kistaları və şişlərin müayinə və cərrahi müalicəsi, onurğa beyni və onurğa sütununun anadangəlmə yırtığının bərpası, kəllə-beyin sinirlərin biopsiyası ilə bağlı mövcud olan tibbi xidmətlərin çeşidinin artırılması və optimallaşdırılması ilə bağlıdır.
Qeyd olunub ki, “Ventrikulyar şuntun reviziyası, çıxarılması və irriqasiyası” xidmətində 3 tibbi proseduru bir kod əhatə etdiyi üçün Xidmətlər Zərfindən çıxarılaraq ayrı-ayrı xidmət kimi kodlaşdırılması təklif olunub. Digər 7 cərrahi xidmətin tətbiqi qeyri-müəyyən olduğu üçün onların nizamlanması müzakirə olunub.
Xidmətlər Zərfinə göz xəstəliklərinin müalicəsi, görmə qabiliyyətinin yaxşılaşdırılması, görmə itkisinin qarşısının alınmasına yönəlik oftalmoloji xidmətlərin də əlavə olunması planlaşdırılır. Bura torlu qişa qopması diaqnozu ilə aparılan cərrahi əməliyyatdan sonra implantasiya edilən materialın (silikonun) çıxarılması, göz yaşı vəzinin tam və hissəvi çıxarılması, gözün selikli qişasından xoşxassəli böyümənin (pteriqium) çıxarılması, gözün torlu qişa zədələnməsinin qeyri-invaziv bərpası və digər xidmətlər daxildir.
Agentliyin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov tibbi xidmətlərin tariflərinin formalaşmasına təsir göstərən xərclərin hesablanması üçün anoloji platformada görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb:
“Biz tibbi xidmətlərin tariflərinin formalaşmasına təsir göstərən birbaşa və dolayı xərcləri təhlil edirik. Xəstənin yaşı, cinsi, yanaşı xəstəlikləri və digər amillərlə bağlı bəzən ağırlaşmaların baş verməsi mümkündür. Təbii ki, bu zaman istifadə edilən tibbi sərfiyyat və tibbi ləvazimatlar əlavə tibbi xərclər deməkdir. Əməliyyat sonrası ağırlaşmalarda differensial yanaşmanı tətbiq etmək üçün biz riskləri hərtərəfli təhlil edirik. Hesab edirəm ki, bu istiqamətdə əsaslandırılmış təkliflərinizi bizə təqdim edə bilərsiniz”.
Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.
Qeyd edək ki, analoji müzakirələrin həmçinin travmatologiya, pediatriya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.