Heydər Əliyev Mərkəzində aprelin 27-dən açılan “Salvador Dali. Sürrealizm mənəm” sərgisini indiyədək 10 mindən çox ziyarətçi izləyib.
Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri yer alıb.
Oktyabrın 8-dək davam edəcək sərginin təşkil olunduğu məkanda ötən həftəsonu “Salvador Dalinin ilham pərisi” adlı rəqs tamaşasının premyerası keçirilib.
Tamaşa “Nine Senses” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təqdim olunur.
Dram janrında hazırlanan tamaşa müasir balet, qrafik texnologiya və musiqini özündə birləşdirərək sürrealizmin dahisi sayılan Salvador Dalinin əsərləri fonunda təqdim edilir. Əsər həm də Dalinin həyat yoldaşı Qalaya sonsuz sevgisini əks etdirir.
Təqdimatdan əvvəl tamaşaçılar məşhur ispaniyalı rəssam Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisi ilə tanış olublar.
Ziyarətçi Sayalı Baharın sözlərinə görə, Salvador Dali çox epataj sənətkardır: “20-ci əsrdə çox böyük inqilab edib. Heydər Əliyev Mərkəzində belə bir sərgi və tamaşada iştirak etdiyimə görə çox şadam”.
Rusiyanın Sankt-Peterburq şəhərindən olan ziyarətçi Leonid Yakovlev tədbiri çox bəyəndiyini deyib: “Çox qəribədir, amma Dalinin bəzi əsərlərində Azərbayacan incəsənəti ilə oxşarlıqlar sezdim. Məsələn, şəkillərdə Qobustan təsvirlərini gördüm. Sərginin keçirilməsi çox yaxşı oldu. Burada orijinal əsərlərə baxmaq mümkündür”.
Daha sonra tamaşa nümayiş olunub.
“Salvador Dalinin ilham pərisi” tamaşasının ideya müəllifi və xoreoqrafı Anna Verdedir.
Unikal layihədə Moskvada fəaliyyət göstərən teatrların aktyorları yer alıb: Eduard Axmetşin, Regina Axmetşina, Adeliya Qalimova, Yuliya Perepelitsa, Artyom Noçvin.
“Salvador Dali” obrazının ifaçısı Eduard Axmetşinin sözlərinə görə, tamaşanın hazırlıq prosesi çox çəkib: “Bu obrazı oynamaq üçün çox sayda sənədli filmə baxmışam. Təkcə çıxıb oynamaq üçün deyil, həm də daxili dünyasını yaşamaq və tanaşaçıya çatdırmaq üçün”.
Digər ziyarətçi Aytən Fətəliyeva tamaşanı çox bəyəndiyini bildirib: “Həqiqətən də əsərin içinə girdim, canlı izlədim. Emosiyalar çox canlı idi, aktyorlar peşəkar idi. İnşallah belə tədbirlər çox olar. Heydər Əliyev Mərkəzinin sərgilərini hər zaman bəyənirəm, bu da onlardan biri idi”.
Hüseyn Məmmədsalahov
Video: Pərvin Zeynal
İstinadlar Qafqazinfo