“Sentyabrın 1-də Xankəndinə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”.

Bunu Milli məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, Vardanyanın dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir: “Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə  və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?

Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”.

Zahid Oruc qeyd edib ki, Azərbaycan Ukraynadan fərqli olaraq, BMT və ATƏT-dən, Amerika və Almaniyadan yardım gözləmir: “İslam Konfransı Təşkilatı da donorluq etmir. Belə şəraitdə xaricdə yaşayan imkanlı soydaşların qayıdışı xüsusi təyinatlılar kimi nümunə olardı.

Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O səbəbdən dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdılar”.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo