“Lavrovun işğal olunmuş beş rayonla bağlı səsləndirdiyi fikir əslində onu təsdiq edir ki, proseslərə nəzarət edən Rusiya tərəfidir”. 

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədrinin fikrincə, Rusiya məhz beş rayonun qaytarılması məsələsini gündəmdə saxlamaqla münaqişəyə nəzarəti əlində saxlamaq istəyir və problemin bütövlükdə həll olunmasına tərəfdar deyil. “Konflikt bütövlükdə həll olunsa, tərəflər hərəsi üzünü bir tərəfə tutub başqa xarici siyasət yürüdəcək və Rusiyanın Cənubi Qafqazdan çıxması şərt olacaq”, – deyə İqbal Ağazadə vurğulayıb.

Ümid sədri əlavə edib ki, Rusiya tərəflərin danışıqlardan imtina edib müharibə ritorikasına girdiyi bir vaxtda belə açıqlama verməklə həm də emosiyaları sakitləşdirməyə çalışır. Eyni zamanda bu, Kremlin gələcək niyyətini ortaya qoyur: “Yəni, hətta gələcəkdə hakimiyyət dəyişsə belə, Rusiyanın planları dəyişməyəcək, konfliktin başqa bir şəkildə irəliləməsinə imkan verilməyəcək”.

İqbal Ağazadə hesab edir ki, Kəlbəcərsiz və Laçınsız münaqişənin həll yolu Azərbaycanın milli maraqlarına cavab vermir: “Hesab edirəm ki, əgər müharibəyə başlasaq, birinci Kəlbəcər işğladan azad olunmalıdır ki, söhbət beş rayon mərhələsindən çıxsın. Sərhədyanı rayonlar işğadan azad edilməlidir. Bu şamil olunmalıdır Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə.

Azərbaycan Zavox keçid məntəqəsinə nəzarəti həyata keçirə bilməlidir. Həm Naxçıvan istiqamətindən, həm Qubadlı , həm də Laçının Güləbirdə söykənən istiqamətindən nəzarət həyata keçirilməlidir. Konfliktin danışıqlar yolu ilə həllinə bundan sonra baxılmalıdır.

Rusiya konflikt üzərindəki hakimiyyətindən imtina etmək istəmir, ümumiyyətlə Rusiya dünyada harda varsa, orda konfliktlərlə qala bilir. Bu, Suriyada, Liviyada, Ukraynada, Abxaziya və Osetiyada, Ermənistanda da belə təşkil olunub. Rusiyanın olduğu yerdə demokratiya anlayışı yoxdur.

Hesab edirəm, Rusiya bizimlə məqsədəmüvafiqliklə danışmamalıdır. Biri var hüquqa müvafiq, bir var məqsədə müvafiq yanaşma. Hüquqamüvafiklik Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə azad edilməsini diktə edir, məqsədəmüvafiqlikdən danışsaq, onda bizim məqsədimiz Göyçəyə, Zəngəzura qədər torpaqlarımızı geri almaq olmalıdır.

Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq. Ona görə Azərbaycanla heç kim məqsədmüvafiqliq prizmasından danışa bilməz.

Ermənistan danışıqlara razılıq versə də verməsə də, dəyişən bir şey olmayacaq. Azərbaycan ən pis halda müharibənin birinci mərhələsini başlatmalıdır.

Dörd rayon, Cəbrayıl, Zəngilan və Kəlbəcər işğaldan azad edilməlidir. Füzuli və Ağdam istiqamətindən hücuma keçməyin əhəmiyyəti yoxdur. O rayonlarla uğraşmağa dəyməz. Bu gün üçün. Bu gün əsas məsələ dövlət sərhədlərinin təmizlənməsi və bağlanmasıdır. Sərhədlərimiz azad edildikdən sonra danışıqlara oturulmalı, Ermənistan yenə israr etsə, Laçın dəhlizinin bağlanması gündəmə gəlməlidir. Bundan sonra Azərbaycanın daxilində terrorçularla mübarizə aparıb, öz problemini həll etməsi qalır.

Yoxsa Ağdam Füzuli azad edildi, sərhəd zolağımızda Azərbaycan dövlətinin nəzarəti qurulmadı, olmaz.

Dövlət sərhəddən başlayır. Bizim sərhədlərimiz pozulub. Laçın dəhlizi ona görə ilk mərhələdə açıq qoyulur ki, istəməyən vətəndaşlar getsinlər.

Azərbaycanda qalanlar isə Azərbaycan qanunları ilə yaşamalıdırlar. Məsələnin həll yolu budur. Hərb yolu mütləq şərtdir.

Bu 4 rayon işğaldan azad olunmasa, danışıqlar masasına otursaq, bizə hər kəs öz şərtini diktə edəcək.

İndi hər kəs öz mövqeyini möhkəmləndirir. Biz bu gün adını çəkdiyim 4 rayonu azad etsək, bizə kimsə “gözün üstə qaşın var”, deyə bilməz. Çünki bu, beynəlxalq hüquqa uyğundur. Niyə etmirik? – bax, bunu iqtidardan soruşmaq lazımdır”.