Böyük Britaniya hökuməti ölkənin sərhəd təhlükəsizliyini gücləndirmək üçün 75 milyon funt sterlinq (təxminən 100 milyon ABŞ dolları) xərcləyəcək.
Bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper bildirib.
Qeyd olunur ki, vəsait yeni Leyborist hökuməti tərəfindən yaradılmış Sərhəd Komandanlığı, polis və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin maliyyələşdirilməsinə yönəldiləcək.
Nazirlikdən bildirilib ki, hələ Mühafizəkarlar hökuməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri üçün ayrılan əlavə vəsait sərhədçilərin və müstəntiqlərin sayının artırılmasına, habelə müşahidə, məlumatların toplanması və emalı üzrə qabaqcıl texnologiyaların tətbiqinə imkan verməlidir.