
Braziliya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə bir hissəsi nüvə sualtı qayıqlarından ibarət olacaq sualtı donanmanın yaradılması ilə bağlı danışıqlar aparıb.
Bu barədə Cənubi Amerika ölkəsinin hökuməti özünün yutub kanalında məlumat verib.
BAEA Baş direktoru Rafael Qrossi nüvə proqramının həyata keçirilməsi ilə bağlı Braziliya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rio de Janeyroda səfərdədir. O qeyd edib ki, proqramı işə salmaq üçün Braziliya nüvə enerjisindən istifadəni tənzimləyən beynəlxalq qaydalara əməl etməlidir.
Braziliya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Markus Sampayo Olsenin sözlərinə görə, nüvə donanmasının inkişafı təkcə müdafiə proqramı yox, həm də elmi-texniki inkişaf proqramı olacaq.
“Proqramda akademik və biznes sektorundan bir neçə universitet iştirak edir. Layihə çərçivəsində 60 min iş yeri yaradılacaq”, – admiral vurğulayıb.