Bu gün BP şirkəti Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan qurama sənəti haqqında kitabın ictimaiyyətə təqdimatını və qurama sərgisinin açılışını edib.

Tədbir İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksində Milli Qurama Festivalı çərçivəsində keçirilib.

Kitab qurama sənətinə dair müxtəlif dillərdən Azərbaycan və ingilis dillərinə tərcümə edilmiş tədqiqat materialının toplusudur. Bu material daha öncə Bakı və rayon muzeylərinin fondlarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılan XVIII və XIX əsrlərə aid qurama kompozisiyaları haqqında mövcud fotoşəkillər və məlumatlar əsasında hazırlanıb.

Qurama sərgisində isə tanınmış qurama ustalarının əl işləri nümayiş etdirilir. Sərgi ictimaiyyətə açıqdır, və BP əlavə olaraq bir ay ərzində sərgini ödənişsiz şəkildə ziyarət etmək imkanı yaradıb.

BP sözügedən kitaba və sərgiyə milli qurama sənətinə dair məlumatla daha geniş auditoriyanın tanış olması üçün imkan yaratmaq və Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək məqsədilə sponsorluq edib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP Azərbaycanın sənətkarlıq mədəniyyətində özünəməxsus yeri olan bu ecazkar milli sənət nümunəsinin təbliğinə dəstək olmaqdan məmnundular: “Qurama sənəti ölkənin bütün bölgələrində mövcuddur və bu sənət növü ilə əsrlər öncə məşğul olublar. Ümid edirik ki, bu gün təqdim olunan kitab və açılışını etdiyimiz sərgi Azərbaycanın mədəni irsinin bu qədim və rəngarəng bədii nümunəsinin daha geniş auditoriya tərəfindən öyrənilməsinə və araşdırılmasına kömək edəcək”.

İstinadlar Report