BP şirkəti (“Şahdəniz” layihəsinin texniki operatoru) 5-9 avqust tarixlərində yataqda qaz hasilatını azaldacaq.
Bu barədə “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.
“İxrac qaz kəmərlərində planlaşdırılan profilaktik işlərlə əlaqədar avqustun 5-dən 9-dək “Şahdəniz” yatağında qaz hasilatı tələb olunan səviyyəyə qədər azaldılacaq”, – T. Bayatlı bildirib.
Daha əvvəl “BOTAŞ”ın yaydığı məlumata görə, “Şahdəniz” yatağından qaz ixracı üçün nəzərdə tutulan qazpaylayıcı sistemdə planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə “Türkgözü” giriş nöqtəsindən beş gün ərzində – 31 iyul – 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində – 5-9 avqust tarixlərində təbii qazın verilməsi dayandırılacaq.
Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.