Bu gün BP beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.

Bu, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri bir təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.

Bu gün M. F. Axundov adına Milli Kitabxanada yeni beş nəşrin ictimaiyyətə təqdimatı keçirilib. Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün təqdim etdiyimiz beş kitab indiyədək Azərbaycana gətirdiyimiz 19 qabaqcıl beynəlxalq dərsliyin siyahısına dəyərli əlavədir. Bu kitablar yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edilib. Bu baxımdan hesab edirik ki, bu kitabların hamısına, həqiqətən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsliklərdəndir. Nəzərə alsaq ki, bu dərsliklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitablara birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək”.

Bu gün təqdim edlimiş kitablar aşağıdakılardır:

– Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar) Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr

– Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik) Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr

– İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre) Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr

– İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord) Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr Növbəti.

– Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş) Nəşriyyat: Gefen, 2022

Bu kitablar BP-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın – TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

İstinadlar Report