Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir.

Bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ACE platformasından bu il üç hasilat quyusunun qazılması planlaşdırılıb: “Birinci hasilat quyusunun qazılması prosesinin bitməsinə artıq az qalıb”.

B. Aslanbəyli bildirib ki, birinci quyudan ilk neft yəqin ki, I rüb ərzində hasil ediləcək və bu, elan ediləcək: “Bundan başqa, daha iki hasilat quyusu olacaq. ACE platformasının işə salınması neft hasilatı tempinin aşağı düşməsinin yavaşıdılmasına müəyyən qədər təsir göstərəcək”.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

İstinadlar Report