Ötən ilin sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarındakı “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 97 % tamamlanıb.

Bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından 2023-cü il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin əvvəlində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir.

2023-cü ildə ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Bu qurğu martın 16-da dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.

Məlumata görə, aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev ACE platformasının üst modullarının inşa edildiyi Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub: “Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatdırılıb. İlk dəfə olaraq təhlükəsizlik sınaqları quruda, həm də azot qazından istifadə etməklə icra olunub. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi, ACE-də isə buna ehtiyac olmayıb”.

Əsas istismar sınaqları bitdikdən sonra, avqustun 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salınıb: “Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlanıb. Daha sonra dənizdə montaj-sazlama işləri ilə layihə davam etdirilib və platforma yaşayış üçün hazır vəziyyətə gətirilib. Bu da platformada heyət sayının artırılmasına və dördüncü rübdə bir sıra mühüm işlərin başa çatdırılmasına imkan yaratdı ki, bunlardan ən mühümü dekabr ayında ACE platformasının əməliyyatlara təhvil verilməsi olub”.