Böyük Britaniya hökuməti sovet təbliğatına qarşı mübarizə aparmaq üçün ötən əsrin 60-70-ci illərdə “Reuters” xəbər agentliyini gizli şəkildə maliyyələşdirib.

Bu barədə “BBC” məlumat yayıb. Nəşr sübut kimi, yarım əsr əvvəl açıqlanmayan və Britaniya Milli Arxivi tərəfindən yayımlanan gizli sənədləri göstərib.

Bildirilib ki, baş ofisi Londonda olan agentlik maliyyə çətinliyi yaşadığına görə təklifə razılıq verib. Nəticə etibarı ilə agentlik təqribən 30 il Böyük Britaniya xarici işlər nazirliyinin strukturundakı siyasi təbliğata cavabdeh olan şöbənin məlumatlarını dərc edib.

“Reuters”in beynəlxalq nüfuzuna xələl gəlməsin deyə agentliyin Latın Amerikasındakı şöbəsi saxta şirkət vasitəsi ilə və Yaxın Şərqdəki bölməsi isə “Reuters” xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan “BBC” vasitəsilə maliyyələşdirilib.

Agentliyə ödənilən məbləğin mənşəyinin “BBC”nin baş direktoru Çarles Karran daxil olmaqla cəmi üç nəfər bilib.Sənədlərdə qarşılıqlı əməkdaşlığın nə qədər davam etdiyi və 1977-ci ildə təbliğat şöbəsi ləğv olunduqdan sonra nələrin baş verdiyi barədə məlumat yoxdur.

Gizli sənədləri şərh edən “BBC” mövcud olan “əməkdaşlığı” pisləyib, gizli razılaşmanın yayım korporasiyasının işinin əsas prinsiplərini pozduğunu bildirib. Böyük Britaniya xarici işlər nazirliyi məlumata münasibət bildirməyib.

İstinadlar Report