Böyük Britaniyanın baş naziri Boris Conson Avropa İttifaqı (Aİ) ilə münasibətləri yoluna qoyaraq bu təşkilatın üzvlüyündən nəzərdə tutlan vaxt, yəni oktyabrın 31-dək çıxa biləcəklərinə əmin olduğunu bildirib.

Hökumət başçısı bununla belə sazişsiz “Brexit” ehtimalını da istisna etməyib.

“İstər britaniyalılar, istər Brüsseldə əyləşənlər, istərsə də Aİ-dəki dostlarımız, tərəfdaşlarımız, çoxları bu məsələnin bitməsini arzulayır. Sazişə nail olmaq üçün çox gərgin çalışırıq və məncə, buna nail olacağıq, lakin tam bir zərurət yaranarsa, Aİ-dən sazişsiz də çıxarıq”, – baş nazir qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya Aİ üzvlüyündən müvafiq yazılı xəbərdarlıq verdiklərindən iki il sonra, yəni bu il mart ayının 29-da çıxmalı olsa da, Tereza Mey hökumətilə Brüssel arasında razılaşdırılmış şərtlərə söykənən saziş layihəsi Böyük Britaniya parlamentinin icmalar palatası tərəfindən üç dəfə dalbadal rədd edildi. Sonra Aİ məsələni əvvəlcə bu ilin aprel və ya may ayınadək, daha sonra oktyabrın 31-dək təxirə salmağı qəbul etmişdi. Məsələni həll etməkdə aciz qalan T.Mey hökuməti isə istefa verdi. Onun xələfi Boris Conson da şərtləri Aİ tərəfindən qəbul edilməsə, sazişsiz “Brexit”ə gedəcəklərini bildirib.

Oxumağa dəyər:   Merkel və Conson "Saudi Aramco"ya edilən hücumlara qarşı birgə cavab hazırlayacaq

Ötən gün oktyabrın 19-dək sazişin razılaşdırılmayacağı təqdirdə, hökumətin üzərinə “Brexit”i üç ay müddətinə təxirə salmağa nail olmaq öhdəliyini qoyan qanun layihəsi icmalar palatasında qəbul olunub.

İstinadlar Report