COP28-də təqdim edilmiş Neft və Qazın Karbonsuzlaşdırılması üzrə İnvestisiya Sazişinin davam etdirilməsi, onun monitorinqi və COP prosesinə daxil edilməsi son dərəcə vacibdir.
Bunu “Report”a eksklüziv açıqlamasında BP qrupunun sabiq baş icraçı direktoru, “Neft və Qaz İqlim Təşəbbüsü” təşkilatının rəhbəri Bob Dadli (Bob Dadley) deyib.
O bildirib ki, neft və qaz sənayesi bu gün bir çox iqlim problemləri ilə üzləşib: “Onların intensiv fəaliyyət göstərdiyi məsələlərdən biri iqlim dəyişikliyi təşəbbüslərinin ucuz və sürətli həlli yollarından olan metan emissiyalarının azaldılması və sızmaların aşkarlanmasıdır. Sənaye bu məsələ üzərində geniş şəkildə çalışır. Bu proses bir müddət əvvəl başlayıb və COP28-də Birləşmiş Ərəb Əmirliklərində böyük öhdəliklər yaradıb. Bir illik müddətdən sonra bu öhdəliklərə baxılması nəzərdə tutulub. 50 şirkət COP28-də investisiya sazişi imzalayıb və bu, Bakıda keçirilən COP29-da qiymətləndiriləcək. Bu məsələ tez təsir yarada bilən problemlərdəndir”.
Təşkilat rəhbəri qeyd edib ki, enerjiyə tələbat artımı da yüksəkdir: “Lakin bununla yanaşı, karbon qazının tutulması, istifadəsi və saxlanması üzrə intensiv işlər aparılır və bunun səmərəli olması üçün real layihələr var. İndi bunlar təkcə kağız üzərində deyil, real layihələr kimi həyata keçirilir ki, bu da çox çətin prosesdir. Həmçinin hidrogenin bazarlara nəqlini təmin edəcək infrastrukturların inkişafı böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, qlobal səviyyədə ən əhəmiyyətli olanlardan biri mavi ammonyak kimi daşına bilən və sabit hidrogen növləridir, çünki onlar gəmilərlə daşına bilirlər. Bunlar sənayenin üzərində çalışdığı bir çox problemlərdən yalnız bəziləridir”.
B.Dadli diqqətə çatdırıb ki, digər sənayelərdə də oxşar addımların atılması qlobal intensivliyi artıracaq: “Bu, hava nəqliyyatı sənayesi, polad və ya alüminium kimi digər sektorlar üçün də nümunə ola bilər. COP nəinki daha çox hədəf və siyasət müəyyən etməli, həm də daha praktik həllər təklif etməlidir. Sənaye 1,5°C temperatur hədəflərinə çatmaq və zaman keçdikcə davamlı azalmalar istiqamətində böyük irəliləyiş əldə edə bilər. Ən vacib və ilk təsirli həll metan sızmalarının azaldılması, aşkarlanması, borularda saxlanması və sızıntıların qarşısının alınması olacaq. Bu, iqlim dəyişikliyinə daha tez böyük təsir göstərəcək. Daha sonra karbonun tutulması, istifadəsi və saxlanması, hidrogenin yanacaq kimi inkişafına dair bir çox mühüm mövzular da gündəmdədir. Lakin bu, kifayət qədər çətin məsələdir, çünki 2040-cı ilə qədər planetdə insanların sayı 2 milyard artacaq. Bu insanların enerjiyə ehtiyacı olacaq və onlar, həyat standartlarını yaxşılaşdırmaq istəyəcəklər. Bu, son dərəcə çətin bir vəziyyətdir. Sənaye enerjini mümkün qədər səmərəli və aşağı karbon intensivliyi ilə istehsal edərək qalıq yanacaqları karbonsuzlaşdırmaqla çox şey əldə edə bilər”.
Onun sözlərinə görə, inkişaf etməkdə olan iqtisadiyyatlarda qalıq yanacaqlardan asılılıq hələ də yüksəkdir: “Enerji planları hər yerdə, xüsusən də inkişaf etməkdə olan iqtisadiyyatlarda enerjinin azaldılması və karbonsuzlaşdırılması ehtiyacını ehtiva edir. Kömürdən mümkün qədər tez uzaqlaşsaq daha yaxşı olar. Bu gün kömürdən istifadə öz tarixində ən yüksək səviyyəyə çatıb və ən çox emissiya yaradan yanacaqdır. Təbii qazın kömürü əvəz etməsi çox vacibdir. Düşünürəm ki, dünya yeni bir problemlə üz-üzədir və zənnimcə, insanlar bunu yeni anlamağa başlayır”.