Malidə hökumət adından hərəkət edən əsgərlər, ehtimal ki, 30-dan çox dinc sakini qətlə yetiriblər. Cinayətkarlar “ağdərili əsgərlər” olub.

Bu barədə BMT ekspertlərinin hadisə şahidlərinin ifadələrinə əsaslanan 78 səhifəli məruzəsi ötən gün bu qurumun Təhlükəsizlik Şurasına təqdim edilib.

Ekspertlərin şahidlərin təsvir etdiyi döyüşçülərin həmin hərbi birləşmənin üzvləri olmasında şübhəsi yoxdur.

BMT-nin məruzəsində martın əvvəlində Malinin Mavritaniya ilə sərhədyanı bölgəsində xunta qüvvələrinin iki gün ərzində bölgədəki 6 yaşayış məntəqəsinə hücumu zamanı baş vermiş insident təsvir edilir. Belə ki, martın 5-də səhər saatlarında “bir qrup ağdərili əsgər” malili və mavritaniyalı çobanların su quyusundan tez-tez istifadə etdikləri kəndə gəlib.

“Əsgərlər yaşlı kişiləri, o cümlədən yaşlı oğlanları toplayıb, əllərini arxalarına bağlayıb və gözlərini bağlayıblar”, – BMT-nin məruzəsində şahidlərin ifadələrinə istinadən bildirilib.

Məlumata görə, əsgərlər kənddəki evlərə basqın edərək evləri qarət ediblər. Daha sonra onlar bağlanmış kişiləri ağır çubuqlarla döyməyə başlayıblar, digər əsgərlər isə “kişilərin döyülərkən ancaq onların qışqırıqlarını eşidən” qadın və uşaqların olduğu evlərin qapılarını bağlayıblar. Şahidlərin sözlərinə görə, 33 və ya 34 kişi, o cümlədən 29 mavritaniyalı və dörd malili oradan aparılıb. Bir gün sonra onların cəsədləri kəndin dörd kilometrliyində tapılıb. Məlumata görə, onlar güllələnib, sonra isə yandırılıb.

Oxşar hadisələr rayonun digər yaşayış məntəqələrində də baş verib. Onlardan ikisində helikopterlə “ağ dərili əsgərlər” gəlib. Lakin şahidlər hadisəni törədənlərdən heç birini müəyyən edə bilməyiblər.

BMT-nin məruzəsində qeyd olunub ki, son vaxtlar hətta paytaxt Bamakoda insidentlərin artdığı Malidəki qeyri-sabit vəziyyət ölkədə təhlükəsizlik boşluğu yaradıb. Mülki ölümlərin sayında narahatlıq doğuran artım var. Təkcə yanvarın 1-dən martın 31-dək Malidə 543 dinc sakin həlak olub.

İstinadlar Report