
“Bəşəriyyətin yaşaması insanların suyu necə idarə etməsindən asılıdır”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Su ehtiyatları üzrə Konfransının bağlanış mərasimindəki çıxışında bildirib.
Onun sözlərinə görə, su qlobal siyasi gündəmin mərkəzində olmalıdır: “Bəşəriyyətin gələcəyə olan bütün ümidləri bu və ya digər şəkildə su ehtiyatlarının davamlı idarə edilməsi və qorunması üçün yeni kursun müəyyən edilməsindən asılıdır”.
Qeyd edək ki, BMT-nin sonuncu hesabatında qeyd olunub ki, dünya əhalisinin 26%-nin – 2 milyard insanın təhlükəsiz içməli suya, 46%-nin – 3,6 milyard insanın isə əsas sanitariya şəraitinə çıxışı yoxdur.
BMT-nin araşdırmaları da göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı təmiz içməli su içə bilmir. 2030-cu ilə qədər isə dünya əhalisi ciddi su qıtlığı yaşayacaq.
Xatırladaq ki, Azərbaycanı konfransda ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.