ABŞ dövlət katibi Etnoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığında digər məsələlərlə yanaşı, Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Qeyd olunub ki, danışıq zamanı Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında dialoqun və regionda uzunmüddətli sülhün təmin olunması üçün öz həmfikirləri ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib.

O, bəyan edib ki, Vaşinqton məsələnin uzunmüddətli siyasi həllinə nail olmaqda maraqlıdır.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulub. Nəticədə əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Həmçinin Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.