
ABŞ Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün mövcud lend-liz mexanizmindən istifadə etmir.
Bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.
“Hələlik bu konkret səlahiyyətlərdən istifadənin zəruri hesab edildiyinə dair məlumatım yoxdur”, – ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində Vaşinqtonun lend-liz üzərində Kiyevə silah ötürüb-ötürmədiyinə dair sualı cavablandırarkən xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Blinken xatırladıb ki, Ukrayna təkcə ABŞ-dən deyil, digər Qərb ölkələrindən də “çox əhəmiyyətli” hərbi yardım alır. Dövlət katibi aydınlıq gətirib ki, ABŞ-nin tədarükü “əsasən ABŞ Müdafiə Nazirliyinin mövcud hesablarındakı vəsaitlərin ödənilməsi hesabına” həyata keçirilir.
“Bundan başqa, birbaşa tədarüklər və digər mexanizmlər var. Lakin əsas diqqət ABŞ Müdafiə Nazirliyinin hesablarından vəsaitlərin xərclənməsidir”, – Blinken əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək üçün ötən ilin mayında Ukraynaya lend-liz üzərindən silah tədarükü haqqında qanun layihəsini imzalayıb.
Qanun ötən il oktyabrın 1-dən qüvvəyə minib.
İkinci Dünya müharibəsi zamanı yaradılmış lend-liz proqramı müharibənin gedişində dönüş nöqtəsi hesab olunub, çünki o, ABŞ-yə vaxt aparan prosedur əngəllərini aşaraq müttəfiqlərini tez bir zamanda təchiz etməyə imkan verib.
Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup konqresmen sənədi ötən il yanvarın sonunda – Rusiyanın Ukraynanı işğal etməyə başlamazdan əvvəl Moskvanın hərbi müdaxiləyə hazırlaşdığı barədə mətbuatda xəbərlər yayıldıqdan sonra yuxarı palataya təqdim edib.
Sənədə əsasən, münaqişə (münaqişə dedikdə qanun layihəsinin müəllifləri 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva ilə Kiyev arasında münasibətlərdə baş verənləri nəzərdə tuturlar) yekunlaşarsa və Rusiya qoşunlarının sayının 2021-ci ilin mart ayındakı dövrə endirilərsə, Amerika liderinin genişləndirilmiş səlahiyyətlərinin müddəti başa çatacaq. Qanunda qeyd olunub ki, Rusiyadan həyata keçirilən və Ukraynanın mühüm infrastrukturuna yönəlmiş kiberhücumlar silahlı hücum kimi təsnifləşdirilir.