“Ölkədə 1,6 il ərzində bir polis, bir həkim, vəkil, hakim, satıcı, sürücü koronavirusa yoluxmadımı? Vəfat etmədimi? Niyə hər kəs təhlükəni təhsildə görür. Bizim qədər təhsilə qeyri-ciddi yanaşan ikinci toplum yoxdur”.

Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkə hesabında bildirib. Ekspertin sözlərinə görə, hər kəs yalnız məktəblər bağlansın deyir:

“Niyə bir restoran, bir polis bölməsi, bir məhkəmə binası, vergi idarəsi, sosial müdafiyə şöbəsi bağlansın demir? Onlara getmək könüllüdür? Axı orada çalışanlar valideynlərdir! Onlar yoluxub gəlib evdə övladlarına yoluxdurmayacaqmı? Və ya yoluxdurmurlarmı? Hər gün valideynlər ictimai nəqliyyatda basa-basda gəlib, yoluxub evdə təhlükə mənbəyi olmurlarmı?”

Əsədov bildirib ki, buna ciddi yanaşmaq lazımdır:

“Bəli, uşaqların sağlamlığı hər şeydən vacibdir. Amma buna məktəbi bağlamaqla nail olmaq mümkün deyil. Çünki o uşaqların valideynləri, ailə üzvləri hər gün marketdə, aptekə, restoranda olurlar, ictimai nəqliyyatdan istifadə edirlər. Biz isə heç bir yerin bağlanmasını yox, ancaq məktəblərin bağlanmasını istəyirik. Uşaqların valideynləri iş yerində yoluxub evdə yoluxdura bilməz?”.

Ekspertin fikrincə, bu məsələdə çox ciddi olmalıyıq:

“Distant təhsil keyfiyyətli deyil, əlçatan deyil. Amma sərt nəzarət və tələbkarlıq olsa, nəyəsə nail olmaq olar. Bəlkə pandemiya 10 il davam etdi, biz də yoluxma azalanda, təhsil müəssisələrini açıb, çoxalanda bağlamaqla tədbir görəcəyik?”

Əsədovun sözlərinə görə, mövcud vəziyətdən sui-istifadə halı var:

“Narahatıq, sağlamlıq hər şeydən vacibdir. Gəlin ən sərt karantin rejimini tətbiq edək. Bütün yerləri bağlayaq, tam hərəkəti 2-3 aylıq məhdudlaşdıraq. Hər yer fəaliyyətdə olsa, təhsil müəssisələri bağlansa, bu doğru yanaşma deyil”.

İstinadlar Qafqazinfo