İranın rəsmi IRNA agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin bu gün keçirdiyi brifinqdə Azərbaycana dair səsləndirdiyi bəyanatlara istinadən bildirir ki, Tehran növbəti dəfə Bakıya “İsrailin regionda iştirakı ilə bağlı” xəbərdarlıq edib. “Tehran öz təhlükəsizliyi ilə bağlı zarafat etmir və bunu hamı bilir. İsrail hara girsə ora özüylə qeyri-stabillik və terrorçuluq gətirir. Biz bu haqda Bakıya bildirmişik. İsrail regionda qeyri-sabitlik yaratmaq istəyir. Tehran və Bakı üçüncü şəxslərin onların münasibətlərinə qarışmaması üçün ehtiyatlı olmalıdır”,-Xətibzadə bildirib.

***

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayevanın İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Livan telekanalına müsahibəsi zamanı ölkəmizin ünvanına səsləndirdiyi böhtanlara sərt cavabının ardınca Tehrandan onun həmkarı mikrofon qarşısına keçib. virtualaz.org xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ənənəvi həftəlik brifinqində Azərbaycanla münasibətlərdə hazırda baş verənləri şərh edib.

“Bakı hökuməti ilə münasibətlərimiz normal şəkildə davam edir. Üçüncü şəxslərin bu münasibətləri pozmasına imkan verməməliyik. Normal olmayan situasiya bu münasibətləri pozmağa çalışmaqdır”, – diplomat deyib.

Səid Xətibzadə bildirib ki, İran Azərbaycanla qonşuluq münasibətlərinə malikdir və Tehran “ikitərəfli münasibətlərə olan etimadını və qonşuluq hisslərini nəzərə alaraq” öz narahatlıqlarını Azərbaycan tərəfinə çatdırıb.

“Bakıdakı dostlarımız da deyiblər ki bizim bu narahatlığımızı aradan qaldıracaqlar. Bəzi məqamlar və mövzularla bağlı Azərbaycan tərəfindən gözləntilərimiz var idi ki, həyata keçirilməyib. Bizim Azərbaycan qarşısında rəftarımız qardaşca olub”, – deyə İran XİN sözçüsü əlavə edib.

S.Xətibzadə İran hava məkanının Naxçıvana hərbi yük aparan təyyarələr üçün bağlanılması ilə bağlı xəbərlərə də münasibət bildirib: “Biz hava məkanımızı Azərbaycanın üzünə heç vaxt bağlamamışıq. Quru yollar da açıqdır, mübadilə və get gəl var. İki tərəf, üçüncü qüvvələrin əlaqələrə mənfi təsir göstərməsinə icazə verməməlidirlər.”

Qeyd edək ki, bundan əvvəl də İran rəsmilərindən bəziləri Azərbaycana münasibətdə “dostluq, qonşuluq, qardaşlıq” kimi ifadələrə yer veriblər. Amma təxminən eyni vaxtda başqa rəsmilər, yaxud generallar və din xadimləri Azərbaycanın ünvanına əsassız ittihamlar, təhdidlər yağdırıblar.