Xəbər verdiyimiz kimi, ötən gün ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda ölkə Prezidenti İlham Əliyev bir çox rəsmilərin suallarını cavablandırıb.

Müzakirələr zamanı Links Avropa Fondunun direktoru Denis Sammut İ. Əliyevə belə sual ünvanlayıb:

“Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi?”

Prezident İlham Əliyev: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.

Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya, sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu”.

İstinadlar Qafqazinfo