Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün hər bir xarici idmançı 90 avro ödəyəcək.

 

Bunu Gənclər və İdman naziri Azad Rəhimov bu gün start götürən EYOF ilə bağlı keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, Bakı bu yarışa tam şəkildə hazırdır:

“Yarışları qəbul edəcək bütün idman obyektlərimiz, Atletlər kəndimiz, bütünlükdə Bakı bu festivala tam hazırdır. Artıq bütün atletlər və Milli Olimpiya komitələrinin nümayəndələri Atletlər kəndində yerləşiblər. Əminik ki, 48 ölkə atletlərinin iştirakı ilə baş tutacaq bu yeddi günlük yarışlar atletlərə, idman həvəskarlarına, jurnalistlərə unudulmaz anlar, xoş xatirələr bəxş edəcək. 345 nəfər media nümayəndəsi bu yarış üçün qeydiyyatdan keçib. Bu media nümayəndələri 22 ölkəni təmsil edir”.

Nazir Azərbaycanın uğur qazanan yeniyetmə idmançılarının böyüklərin mübarizəsində yüksək nəticə əldə edə bilməməsinə də toxunub:

“Yeniyetmənin böyüklərin səviyyəsinə çatması üçün illər keçməlidir. İdmançı 9-8 ildən sonra zədə ala bilər. Bu, çox uzun zamandır. Məqsədimiz odur ki, medal qazananları izləyək. Onlara tam şərait yaratmaq lazımdır. Onların böyüklərin mübarizəsində uğur əldə etməməsi bizi də çox narahat edir. İnanıram ki, istedadlı idmançılar gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər. Sevindirici haldır ki, Azərbaycanın artıq beş güləşçisi ilk mərhələdə asanlıqla qalib gəlib. Güləşçimiz Fərid Sadıxlı isə artıq finaldadır”.

Oxumağa dəyər:   Analitiklər gələcəkdə Rusiyada kişi və qadınların sayı ilə bağlı proqnozları açıqlayıblar

Daha sonra A.Rəhimov bilet satışından da danışıb:

“6750 bilet açılış mərasiminə satılıb. Təəssüflər olsun ki, bəzi arenalarda oturacaqların sayı texniki cəhətdən azdır. Baxmaq istəyənlər isə çoxdur. Azərbaycana bu yarışa gələn hər bir idmançı hər gün üçün 90 avro pul ödəyir. Bura üç dəfə yemək və qalmaq daxildir. Nəqliyyat, uçuş məsələlərini isə hər bir ölkənin Milli Olimpiya komitələrinin özü ödəyir. Biz əvvəl festival keçirmiş digər ölkələrə baxanda büdcəyə qənaət etmişik”.

Qeyd edək ki, bu gün saat 20:00-da Bakı Kristal Zalında XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.

İstinadlar oxu.az