
“Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək”.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
“Həmin ağır dövr gəlib çatdı, problemlər, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, – onların bəziləri şəhərdə anadan olub, – lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.
İlham Heydər oğlu, ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”, – deyə o əlavə edib.