Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

Dövlət başçısı abidənin müəllifi, xalq rəssamı Xanlar Əhmədovla söhbətləşib:

-Çox gözəl abidədir.

Xanlar Əhmədov: Çox sağ olun.

Prezident İlham Əliyev: Bir çox təkliflər var idi.

Xanlar Əhmədov: Bildiyiniz kimi, müsabiqə elan olundu.

Prezident İlham Əliyev: Bilirəm, əlbəttə.

Xanlar Əhmədov: Bacardığımı etmişəm.

Prezident İlham Əliyev: Yox, çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir və oxşatmısınız.

Xanlar Əhmədov: Çalışmışam, üstündə çox işləmişəm. Özü də yeri də yaxşıdır, tarixi yerdir. Tarixi İstiqlaliyyət küçəsidir.

Prezident İlham Əliyev: Bəli, tarixi yerdir. Tarixi qala divarları. Bakının ən gözəl yerlərindən biridir. Yadımdadır, o vaxt bir neçə yer təklif edilmişdi. Mən buranı seçdim ki, onun abidəsi məhz burada olmalıdır.

Xanlar Əhmədov: Möhtəşəm bir yerdir.

Xatirə şəkli çəkdirildi.

Xanlar Əhmədov: Çox şadam ki, mənim Qarabağdakı “Güllələnmiş heykəllər” əsərimi də ikinci dəfə Siz açdınız.

Prezident İlham Əliyev: Bəli, çox gözəl qeyd etdik. Belə işiniz çox olacaq. İndi bizim tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması prosesi davam edir.

Xanlar Əhmədov: Biz işləmək üçün həmişə şadıq.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm.

Xanlar Əhmədov: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Açıq müsabiqədə qalib gəlmisiniz. Bu abidə burada əbədi duracaq. Müəllifin adı burada var?

Prezidentin köməkçisi Anar Ələkbərov: Əlbəttə ki var. Həm Azərbaycan dilində, həm də ingilis dilində qeyd etmişik. Müsabiqədə 26 işdən məhz Xanlar müəllimin əsəri seçilib.

Prezident İlham Əliyev: Bəli, bilirəm. Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.

Xanlar Əhmədov: Çox sağ olun.