5-7 iyun tarixərində TÜRK PA 13-cü Plenar iclasına qatılmaq üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Parlament sədrləri Bakıda olublar. 

Qardaş ölkələrdən gəlmiş parlament sədrləri Prezident İlham Əliyev tərəfindən qəbul olunub. 

TÜRK PA- nın 13-cü Plenar İclası başa çatdıqdan sonra Bakıda rəsmi görüşlərini davam etdirən Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Zorlu Törə Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən qəbul olunub. 

Parlament sədri Zorlu Törə Atatürk Liseyinin son zəng tədbirində iştirak edərək məzunlar qarşısında çıxış edib və onlara uğurlar arzulayıb. 

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və İş adamları cəmiyyətlərinin Assossiyası tərəfindən təşkil olunan tədbirlərə qatılan parlament sədri Zorlu Törə Şimali Kipr Türk xalqının istiqlal mübarizəsindən danışıb və xalqlarımız arasındakı qardaşlığın əbədi olmasını arzulayıb.

Uzun illər ərzində bütün türk dünyasında birlik və bərabərliyin fəal təbliğatçısı kimi tanınan Zorlu Törə Bakıda olduğu günlərdə ulu öndər Heydər Əliyevin məzarını və Dağüstü parkda yerləşən Şəhidlər xiyabanını ziyarət edib. 

Cənab Törənin Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın qəbrindən gətirdiyi bir ovuc torpaq Heydər Əliyevin məzarına və Şimali Kipr Türk Şəhidliyindən gətirdiyi torpaq isə Dağüstü parkdakı şəhidlərin məzarı üzərinə tökülüb. 

Parlament sədri bu törənlə “qanın qana, canın cana” qovuşduğunu bildirərək Azərbaycan, Türkiyə və Şimali Kipri “Bir Millət, Üç Dövlət” adlandırıb.

Azərbaycana səfəri zamanı Parlament Sədri Zorlu Törəni Şimali Kiprin millət vəkilləri İzlem Gürçağ Alturğa, Fide Gürşat, Cümhur Məclisinin Baş katibi İrem Uygun, protokol əməkdaşı İlknur Sallı, mətbuat katibi Bürhan Canbaz, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəsi xanım Ufuk Turganer və protokol təmsilçiləri müşayiət ediblər. Səfər çərçivəsində Bakının Dənizkənarı Bulvarı, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Xalça Muzeyi ilə yaxından tanış olan Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Zorlu Törə Azərbaycanın qədim türk ənənələrinə sadiq qaldığını və böyük bir mədəniyyətə sahib olduğunu vurğulayıb. 

Şimali Kipr Cümhur Məclisinin nümayəndə heyətini Bakıda olduğu müddətdə Azərbaycan- Şimali Kipr Parlamentlərarası Dostluq qrupunun başkanı Cavanşir Feyziyev və digər millət vəkiləri müşayiət edib. Parlament sədri Zorlu Törə onu müşayiət edən heyət üzvləri ilə birlikdə bu gün Azərbaycandan ayrılıb. Ayrılarkən sədr Zorlu Törə ölkəmizə səfərindən məmnun qaldığını, doğma vətəni Şimali Kiprə Azərbaycan türklərinin sevgi və məhəbbəti ilə dolu xoş xatirələrlə qayıtdığını dilə gətirib.

Yolunuz açıq olsun! Qardaşlığımız əbədi və sarsılmaz olsun!







İstinadlar Qafqazinfo