Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub.
 
Bu Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində müraciət edənlərin 903-ü hamilə, 36-sı zahı olub. Həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb.

Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb. Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.

Mərkəzdən bildirilib ki, hazırda hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil. Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir.

Xəstəlikdən qorunmaq üçün isə gigiyena qaydalarına tam əməl etmək, sosial məsafə saxlamaq və insanların çox olduğu yerlərdən uzaq olmaq lazımdır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edir . Eyni zamanda, hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında “Pfizer” vaksini ilə peyvənd oluna bilərlər.

İstinadlar Qafqazinfo