Ermənistanın qeyri-konstruktiv davranışları, danışıqları pozmaq istiqamətində atdığı addımlar gərginliyi tətikləməkdədir. Artıq nəinki Azərbaycanda, hətta ölkə xaricində də şübhə etmirlər ki, Qarabağ məsələsinin dinc yolla ədalətli həlli mümkünsüzdür.

Son zamanlar müharibə gözləntiləri ilə bağlı açıqlamalar nəzərəçarpacaq dərəcədə artıb. Hətta rusiyalı məşhur jurnalist Maksim Şevçenko da Qazaxıstanda “Heç bir danışıq bu münaqişəni həll etməyəcək. Siz torpaqlarınızı Ermənistanın işğalından yalnız müharibə yolu ilə qurtara biləcəksiniz. Birmənalı”, – deyə bildirib. Ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov mövcud durumla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırdı.

– Cənab general, müharibə xəbərdarlıqları və gözləntiləri kifayət qədər artıb. Bu mənada Qarabağda müharibənin başlanmasını zamanın diktəsi saymaq olarmı?

– Sözsüz ki, Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir. Onu da başa düşürlər ki, bu təlimlər ucuz başa gəlmir. Bu təlimləri təhlil etsək, görürük ki, bunlar müxtəlif şəraitlərdə həyata keçirilir. Gecə şəraitində də, çöl-səhra şəraitində də, yağışlı, qarlı havada da təlimlər keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir.

– Bəs düşmən ordusunun durumu barədə nə deyə bilərsiniz?

– Sözsüz ki, Ermənistan ordusunun, Dağlıq Qarabağdakı qoşun birləşmələrinin uzun müddətli müharibə aparması üçün nə döyüş sursatı, nə də gücü var. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir. Ona görə də ayrı-ayrı analitiklər reallığı ifadə etməyə başlayıblar. Bunun əksini deyən ekspertlər də qalmayıb. Bizim əleyhimizə çalışan ekspertlər də anlayır ki, Azərbaycan ordusu məsələni qısa bir zamanda həll edə bilər.

Oxumağa dəyər:   Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu

– Polkovnik Şair Ramaldanov da hesab edir ki, müharibə başlasa, Azərbaycanın uzun müddət savaş aparmasına imkan verilməyəcək, ona görə də torpaqları qısa müddətdə azad etmək lazımdır. Son hərbi təlimlərin fonunda deyə bilərikmi ki, Azərbaycan ildırımsürətli hərbi əməliyyatlara hazırlaşır?

Yaşar Aydəmirov ile ilgili görsel sonucu

– Şübhəsiz ki, hər bir təlimin məqsədi döyüşə hazırlıqdır. Ən böyük təlimlər də külli miqdarda döyüş texnikasının cəlb edilməsi ilə həyata keçirilir. Bu, hazırlığın ən yüksək zirvəsidir. Mən demirəm ki, döyüşlər üçün 3-5 günlük icazə verilsin. Sadəcə, deməsinlər ki, iki bölmənin döyüş aparmasına icazə veririk. Həm bölmələrin sayını bir az artırsınlar, həm də 2-3 gün əlavə etsinlər, onda görərlər nəticəni. 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər. Məsələ həll olunacaq. Burada başqa variant yoxdur. O halda erməni ordusu döyüşlərə dözməyəcək, qaçacaq. Çünki Azərbaycan tərəf külli miqdarda döyüş texnikası, silah-sursatdan, müxtəlif qoşun növlərindən istifadə edəcək. Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz? Amma təbii ki, məsələnin siyasi tərəfi var, bunu da hər kəs bilməlidir.

Oxumağa dəyər:   Kanadada baş verən atışmada bir nəfər ölüb

– Cənab general, Azərbaycan ordusu hərbi təlimlər keçirməklə yanaşı, Türkiyə ilə birgə təlimlər də keçirildi. Bu mənada Azərbaycan-Türkiyə hərbi birliklərinin Qarabağda birgə hərbi əməliyyatlar aparması reallaşa bilərmi?

–  Mən bunun reallaşacağını demək istəmirəm. Sadəcə, Türkiyə Silahlı Qüvvələrindəki müxtəlif tip silahlar, aviasiya, hərbi texnika var ki, bizdəkilərdən bir az fərqlənir. Onların uzlaşdırılması, təcrübə mübadiləsi naminə birgə təlimlər çox vacibdir. Həm də o tipli silahlar alınanda problem yaranmasın deyə, hərbçilərimizin öyrənməsi çox faydalıdır.

– Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, o halda digər ərazilərdən, sərhədboyu mövqelərimizdən düşmən ölkəyə zərbə endirilməlidirmi?

– Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Ancaq məsələnin siyasi tərəfini deyə bilmərəm. Düzdür, biz Ermənistanın ərazi bütövlüyünü tanımamışıq, onlar da tanımırlar. Ancaq o torpaqlar hamısı bizimkidir. 1918-ci ildə İrəvan şəhəri də onlara paytaxt kimi məcburən verilib. Artıq məqam yetişib, ermənilərə deməliyik ki, bizim torpaqlarımızda bu qədər yaşadınız, bəsdir! Mən bir məsələyə əminəm ki, Qarabağı işğaldan etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbdən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Özləri yalvaracaqlar.

Oxumağa dəyər:   Qaxda yol qəzası, yaralı var

– Cənab general, son günlər Paşinyana qarşı ciddi müqavimət hərəkatı başlayıb. Qarabağ klanı ilə Ermənistan rəhbərliyi arasında gərginliyin davamını gözləmək sərfəlidir, yoxsa fürsətdən istifadə edib düşmənə zərbə endirmək?

– Vallah, ermənilərdə birlik olsa da, hamısı eyni sözü danışsa da, Azərbaycan ordusu üçün torpaqlarımızı işğaldan azad etmək problem deyil. “Düşmən zəif də görünsə, saymazyanalıq etmə, güclü də görünsə – qorxma”. Bunu eramızdan əvvəl yaşamış Çin sərkərdəsi deyib. Əsas məqsəd düşməndə çaşqınlıq yaratmaq olmalıdır. Tarixən belə olub.

– Sizin açıqlamalarınızdan belə qənaətə gəlmək olar ki, əgər xarici işlər naziri olsaydınız, Vaşinqtonda təşkil olunacaq danışıqlardan imtina edərdiniz, eləmi?

– Sözsüz ki. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar. Aprel döyüşlərində iki taborun iki istiqamətdə həyata keçirdiyi əks həmləsinin qarşılığında onlar böyük dövlətlərin rəhbərlərinə yalvardılarsa, deməli, müddət və şəxsi heyət artırılsa, işğalçılar diz çökəcəklər.

– Gələn həftə işğal olunmuş Azərbaycan ərazilərində Qarabağ separatçılarının təşkilatçılığı ilə futbol yarışı keçiriləcək. Həmin yarışa reaksiyamız necə olmalıdır?

– Sözsüz ki, onlar müxtəlif oyunlar keçirməklə diqqəti yayındırmaq, özlərini beynəlxalq aləmə sırımaq istəyirlər. Amma təbii ki, buna lazımi reaksiya vermək gərəkdir. Heç Şuşadakı tədbirlərə də imkan vermək lazım deyildi. Mən bir zabit kimi sərt münasibətin tərəfdarıyam. Sözsüz ki, təhdidlər çox olacaqdı. Amma olsun…

Elşad PAŞASOY,

İstinadlar musavat.com