Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində “Daçnik” adı ilə tanınan çimərliyə giriş bağlanıb. 

Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Görüntülərdən də aydın olur ki, çimərliyin girişinə dəmir barmaqlıq qoyulub və artıq içəriyə giriş mümkün deyil. İddia olunur ki, giriş Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb. 

Sabunçu RİH başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Murad Cənnətov “Qafqazinfo”ya bildirib ki, həmin çimərliyin bağlamasına səbəb vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir:

“Həmin çimərlikdə ölüm halları çox olurdu və get-gedə də artırdı. Həmçinin o ərazidə yaşayan insanlar bizə şikayət edirdilər ki, çimərliyə daxil olan avtomobillərin tıxacından evlərinə gedə bilmirlər. Digər tərəfdən, ora zibbiliyə dönmüşdü, onları toplaya bilmirdik. Ona görə də, həmin çimərlik FHN-in təlimatına uyğun olaraq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bağlandı”.

İcra rəsmisi əlavə edib ki, həmin çimərliyin yaxınlığında ərazisində FHN-in xilasedicilərinin olduğu digər çimərliklər var və insanlar onlardan istifadə edə bilərlər. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo