Biləsuvarda Vətən müharibəsi şəhidləri – Elvin Malik oğlu Şahmalı, Asif Arif oğlu Talıblı və Cahid Şaiq oğlu Qəniyevin əziz xatirəsi yad edilib. 

Bu münasibətlə düzənlənən anım mərasimlərində çıxış edənlər qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışıblar.   

Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olub.

Elvin Şahmarlı Malik oğlu – 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əliabad kənd tam orta məktəbində orta təhsilini alıb.

2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı.O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən 11qəhrəmancasına şəhid olub.

Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd qəbristanlığında dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Elvin Şahmarlı ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Talıblı Asif Arif oğlu –  1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Asif 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Qəhrəman əsgərimiz  oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Asif Talıblı ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Cahid Şaiq oğlu Qəniyev  – 1994-cü il fevralın 18-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi, bir övladı yadigar qaldı.

Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cahid Qəniyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.