Biləsuvar rayonunda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elçin Tağızadənin xatirəsi ehtiramla anılıb.

Rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.

Mərasimdə şəhid kapitan Elçin Tağızadənin ailəsi tərəfindən Zəhmətabad kəndində şəhidin xatirəsinə ucaldılmış kompleksin və yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.

Mərasimdə qəhrəmanın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Tağıyev Elçin Ağaqulu oğlu 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad кəndində anadan olub.

Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam edib.

Kapitan E.Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub. Şəhidin nəşi Biləsuvar rayonunda dəfn olunub.

Elçin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Qarabağ” ordeni ilə (ölümündən sonra), “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.