Biləsuvar rayonunda quru ot bağlamasının qiyməti bahalaşıb.

Bu barədə “Report”un yerli bürosuna bir qrup fermerlər məlumat verib.

Onların sözlərinə görə, ötən illə müqayisədə quru ot bağlamasının qiyməti 2 manat artıb: “Hazırda yonca bağlamasının qiyməti 5-6 manat arasında dəyişir. Amma keçən il bu qiymət 3-4 manat idi”.

Satıcılar isə “Report”un yerli bürosuna açıqlamasında qiymət artımının bir neçə səbəbinin olduğunu söyləyiblər. Onlar bunun bir səbəbinin də son zamanlar yaşanan quraqlıqla əlaqələndiriblər: “Bu il yağışın az yağması səbəbindən yoncanın məhsuldarlığı zəif olub. Daha bir səbəb isə odur ki, bu il traktorla bir hektar yonca sahəsinin biçilməsinə görə tələb olunan qiymət 30 manat təşkil edib. Aqreqat isə bağlamanın birini 30 qəpiyə bağlayıb. Ona görə də bu səbəblər hamısı qiymət artımına gətirib çıxarır. Hələ qış aylarında bahalaşma daha çox olacaq”.

İstinadlar Report