
12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasına baş çəkdikdən sonra Şuşaya yollanıb.
Onlar həmçinin ekoloji fəalların Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiya keçiridiyi əraziyə də gedəcəklər.
Səfər zamanı səyahətçilər Xankəndi-Laçın yolunda əslində nə baş verdiyini öz gözləri ilə görmək imkanı qazanacaq.
Ardınca onlar Şuşaya səfər edəcək, işğal illərində dağıdılmış şəhərin görməli yerləri, güllələnmiş abidələri, Azərbaycanın mədəniyyət paytaxtının fəal tikintisi və bərpası ilə tanış olacaqlar, Cıdır düzünə baş çəkəcəklər.
Qeyd edək ki, beynəlxalq səyahətçilər qrupu fevralın 4-6-da azad edilmiş ərazilərdə səfərdə olacaq. Heyət üzvləri Qarabağ və Şərqi Zəngəzura üç günlük səfər zamanı Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.
Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.