
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdiriləcək.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, forumda Agentliyin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Ombudsman Aparatının rəhbər müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak edirlər.
Forumdan öncə iştirakçılar dağıdılan Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidləri, mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələr müzakirə ediləcək.
Proqrama uyğun olaraq Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində minatəmizləmə işlərinin aparıldığı sahəyə baş çəkiləcək.