
Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın müharibədən sonrakı bərpasında iştirakını nəzərdə tutan infrastrukturun bərpasına dair anlaşma memorandumu imzalanıb.
Ukrayna dövlət başçısının saytında verilən məlumata görə, sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar.
“Türkiyə strateji müttəfiqimizdir. Rusiya tərəfinin dağıtdığı infrastrukturun bərpasında əməkdaşlığa hazır olduqlarına görə türkiyəli tərəfdaşlarımıza minnətdarıq. Türkiyə biznesinin yol və körpülərin, xüsusilə də Zaporojye və Kremençuq körpülərinin, eləcə də yolların tikintisi sahəsində böyük təcrübəsi var, onlar özünü etibarlı tərəfdaş kimi təsdiqləyiblər. Ona görə də artıq qısa zamanda birgə bərpanın konkret praktiki nəticələrinə nail olacağımıza ümid edirik”, – A.Kubrakov deyib.
Güman edilir ki, Türkiyənin hökumət və biznes strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin konsaltinq və texniki yardım göstərə bilərlər.
İlkin layihə kimi Kiyev vilayətinin Romanovka kəndində Buça və İrpen şəhərlərini paytaxtla birləşdirən körpünün bərpası nəzərdə tutulur.