Almaniyanın paytaxtı Berlində keçirilən Liviya üzrə beynəlxalq konfransın iştirakçıları ölkədə barışığın olmasını razılaşdırıblar.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Konfransda BMT baş katibi Antoniu Quttereş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Maykl Pompeo, Liviya münaqişəsi tərəflərinin rəsmiləri, habelə Rusiya, Fransa, Misir, BƏƏ və digər ölkələrin dövlət və hökumət üzvləri iştirak ediblər.

Sənəd layihəsinə əsasən, Liviyada nizamlanma prosesinin altı “səbət”ə bölünməsi təklif olunur: atəşkəs, silah embarqosunun tətbiqi, siyasi proses, təhlükəsizlik sektorunda islahatlar, iqtisadi islahatlar, humanitar haqlara və insan haqlarına uyğunluq.

Sənəddə bütün iştirakçıları ölkələrin silahlı müdaxilədən imtina etməsi təklif olunur. Bəyanat qəbul edilərsə, orada olan qərarların icrası BMT-nin himayəsi altında xüsusi yaradılmış beynəlxalq mexanizm tərəfindən icra ediləcək.