Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb.
“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.
Qəza nəticəsində qaz xəttində yanğın baş verib. Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Əldə edilən məlumata görə qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə təbii qazın verilməsi dayanıb.