
Belçikada 3 milyard avroluq pensiya və sosial müavinətlərin kəsilməsinə qarşı ümumi tətil başlayıb.
Bu barədə krallığın üç ən böyük həmkarlar ittifaqı məlumat yayıb, etiraz aksiyası 24 saat davam edəcək.
Artıq müəllimlər, ictimai nəqliyyat, dəmir yolu və hava limanı işçiləri, o cümlədən təhlükəsizlik işçiləri və yükləyicilər, habelə həbsxana gözətçiləri, poçtalyonlar, yanğınsöndürənlər və kommunal xidmət işçiləri tətildə iştirak edəcəklərini bildiriblər.Ictimai nəqliyyat praktiki olaraq fəaliyyət göstərməyəcək, hər üç şəhərlərarası qatar və avtobusdan yalnız biri işləyəcək, reyslərin təxminən 70 %-i ləğv edilib.
Krallığın polisi Brüsseldə avtomobil sürməməyi tövsiyə edib, çünki şəhərdə böyük tıxaclar gözlənilir. Bundan əlavə, həmkarlar ittifaqlarının təxminlərinə görə, 50 000 – 100 000 adamın iştirak edəcəyi etiraz nümayişi üçün şəhər mərkəzi bağlanacaq. Şəhər rəhbərliyi nümayişin keçirilməsinə icazə verib.