Ölkələr siyasətlərini iqlimin qorunması lehinə dəyişməsələr, əsrin sonuna qədər qlobal istiləşmə 3 dərəcə Selsiyə çatacaq.

Bunu Belçikanın Baş naziri Aleksandr De Kroo deyib.

“Biz qarşımıza iddialı məqsədlər qoymalı və onları mümkün qədər səmərəli və çevik şəkildə həyata keçirməliyik. Vətəndaşlarımız sürətli və qətiyyətli dekarbonizasiya üçün bizdən nəticələr və əməkdaşlıq gözləyir”, – o bildirib.

De Kroo hesab edir ki, iqlim danışıqları mükəmməl olmaqdan uzaqdır, lakin bugünkü iqlim siyasətini on il əvvəlki ilə müqayisə etdikdə əhəmiyyətli irəliləyişlər var. “Ölkələrin böyük əksəriyyəti sıfır emissiyaya nail olmaq yoluna qədəm qoyub. Bununla belə, bir çox problemlər qalmaqdadır. Biz enerji səmərəliliyi sahəsində daha çox iş görməliyik”, – Baş nazir qeyd edib.

Onun sözlərinə görə, iqlim problemlərinin həlli çətindir, lakin bütün imkanlardan istifadə olunarsa, investisiyalar artırılarsa, maliyyə vəsaitləri hamının istifadəsinə verilərsə, mümkündür.

Siyasətçi, həmçinin inkişaf etməkdə olan və iqlim böhranına daha çox həssas olan ölkələrin problemlərinə daha çox diqqət yetiriləcək ədalətli enerji keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb.

İstinadlar Report